Mədəniyyət Nazirliyindən Samir Şərifovun iradına CAVAB

Hazırda oxunan: Mədəniyyət Nazirliyindən Samir Şərifovun iradına CAVAB

24035

Xəbər verildiyi kimi maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında Mədəniyyət Nazirliyinə irad bildirib. 

Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrıldığını qeyd edən nazir Prezidentin müvafiq sərəncamı ilə milli kinemotoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinemotoqrafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlandığını, layihənin bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunduğunu bildirib. Nazir sözügedən layihənin hər hansı dəyişiklik olmadığından dolayı qəbul etmədiklərini, vəsaitlər ayrılsa da, nəticə omadığını vurğulayıb. 

Mədəniyyət Nazirliyi Bizim.Media-ya açıqlamasında Samir Şərifovun tənqidlərinə belə münasibət bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Maliyyə naziri kinoya ayrılan vəsaitdən danışdı: “Nəticə yoxdur” 


“Maliyyə nazirinin Milli Məclisdəki son çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar bildirmək istəyirik ki:

Prezidentin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanıb. Bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.  Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə keçirilən «Böyük Qayıdış» film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olunub. Dünya təcrübəsinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq Pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olunub. Vətən Müharibəsinə həsr olunmuş 11 qısametrajlı bədii, sənədli və animasiya filmləri istehsala buraxılmaqdadır”. 
 

Nazirliyin məlumatında qeyd olunub ki, 1982-ci ildən bugünədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üçün kinotexnika avadanlıqları alınıb və «Fəryad 2», «Məryəm» və «Mərmər Soyuqu» tammetrajlı bədii filmlərin istehsalına artıq başlanılıb:


“Eyni zamanda 1965-ci ildən heç vaxt təmir edilməmiş “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Ölkəmizdə film sahəsinin modernləşdirilməsi, dünyanın bu sahədə ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğun şəkildə yenidən qurulması, inkişaf etmiş kino sənayesinə malik Türkiyə, ABŞ, Fransa, Almaniya kimi ölkələrlə birgə filmlərin çəkilməsi istiqamətində işlərə başlanılıb.

Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyi ilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Buna misal olaraq Bakı Media Mərkəzi ilə birgə istehsal olunmuş “Sonuncu” sənədli filminin Rotterdam Film Festivalında, “Təkbətək”, “Göy köynəkli adam” və digəri olmaqla 3 film layihəmizin Sarayevo Film Festivalında iştirakını, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunacaq “Mərmər soyuğu” bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı “Roskino” və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar”. 
 

Məlumatda o da qeyd olunub ki, Azərbaycanın beynəlxalq qlobal rəqəmsal yayım platformlarına inteqrasiyası baxımından əhəmiyyətini nəzərə alaraq, “Netflix APost Lab” mötəbər beynəlxalq film tədbirlərinə ilk dəfə olaraq  Mədəniyyət Nazirliyi müşahidəçi kimi dəvət edilib:


“Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən fəaliyyətini dayandırmış kino nümayişi müəssisələrinin fəaliyyəti bərpa edildikdən sonra Maliyyə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri çəkilən filmlərlə tanış olmaq və onlar haqqında dolğun məlumat əldə etmək məqsədilə kino təqdimatlarına dəvət olunacaqlar”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO