Yeri gəlmişkən deyim ki, bu uğur qazanan idmançılar olduğundan, onların hansı səbəbdən Azərbaycan bayrağı altında çıxış etməkdən uzaqlaşdırılması diqqət mərkəzinə gəlir. Onların başqa dövlətlər adına çıxış etməyə məcbur qalmasının bütün detalları ciddi araşdırmalıdır. Kimlərdir axı bilərəkdən bu cür hazırlıqlı idmançıları ölkəmizdən uzaqlaşdıranlar? Kimsə bu əmələ görə cəza alacaqmı?xa0
Digər tərəfdən bir həqiqət təkrar olaraq təsdiqini tapdı ki, Azərbaycan övladı olimpiya çempionu da, dünya çempionu da olmağa qadirdir. O halda idmanın müxtəlif növlərində xaricdən mənasız yerə bu qədər "köçəri quşları" gətirib ciblərini pulla doldururuq, əvəzində olmazmı ki, bir il tez, bir il gec olsun, pulu da, imkanı da, enerjimizi də öz dosdoğma azərbaycanlımıza sərf edək və onların uğur qazanmasına nail olaq? Hələ sonradan üstü açılan dopinqə görə medalı əlindən alınmış idmançılara xərclədiyimiz pula, verilən hədiyyələrə heyfslənməyimizi demirəm. Bir qisminin yaxasından da yapışmaq artıq gecdir. Ona görə də, idmanın bütün növlərində strategiyamız Azərbaycanlı idmançıları çempion və ya mükafatçı kimi yetişdirmək üzərində qurulmalıdır.
Fazil Mustafa, millət vəkili




































































































