Afqanıstan Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki müvəqqəti işlər vəkilini nazirliyə çağırıb və Pakistan ordusunun Kandahar, Paktia və Xost vilayətlərinə endirdiyi hava zərbələri ilə bağlı ona etiraz notası təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Taliban"ın xarici işlər idarəsinə istinadən "Afghanistan International" agentliyi məlumat yayıb.
"Taliban bu zərbələri qətiyyətlə pisləyib, onları "Afqanıstanın milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması", həmçinin islam, beynəlxalq, humanitar prinsiplərə və mehriban qonşuluq qaydalarına zidd addım adlandırıb", — deyə məlumatda bildirilir.
Bundan başqa, bəyanatda iddia olunur ki, "Pakistanın hərbi rejimi" bu yolla region ölkələri qarşısındakı öhdəliklərini yerinə yetirməkdən qaçmağa çalışır. Taliblər hesab edirlər ki, bu cür hərəkətlər vəziyyətin daha da pisləşməsinə və regionda gərginliyin artmasına səbəb olur.
Afqanıstan XİN, həmçinin Pakistanın regional təhlükəsizliyə təhdidin məhz taliblərdən gəlməsi barədə iddialarını rədd edib. Qurumun bəyanatında deyilir ki, hərbi əməliyyatlara bu cür ittihamlarla bəraət qazandırmaq — "faktları təhrif etmək, ictimai rəyi çaşdırmaq və daxili uğursuzluqları gizlətmək" cəhdidir.
Bizim.Media





































































































