BİZİM TƏQVİM: 2 fevralda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 2 fevralda baş vermiş tarixi hadisələr

176145

1996-cı il 2 fevral tarixində Bakıda Azərbaycan Gənclərinin I Forumu keçirilib. 1997-ci il fevralın 1-də Ümummilli lider Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında sərəncam imzalayıb.   

Bəs, 2 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1918-ci ilin 2 fevral tarixində Rusiya Xalq Komissarları Soveti kilsənin dövlətdən və məktəbdən ayrılması haqqında dekret qəbul etdi. Ölkədə zorakılıqla ateistləşdirmə aksiyası başlandı, din xadimləri və ruhanilərə kütləvi şəkildə divan tutuldu, kilsələr dağıdıldı. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini devirən sovetlər Bakıda Bibi Heybət məscidini partladaraq dağıtdı. Hazırda həmin məscid bərpa olunub.

2. 2 fevral 1920-ci ildə erməni quldur dəstələri Qərbi Azərbaycandakı (indiki Ermənistan) Şuragel kəndində dəhşətli qırğın törədiblər. Kənd əhalisinin böyük hissəsi - əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla minədək insan qətlə yetirilib.

3. İkinci Dünya Müharibəsinin gedişində Stalinqrad (Volqoqrad) döyüşü 1943-ci ilin bu günü başa çatıb. Həmin döyüşdə Azərbaycanın igid oğlu, tank qoşunları polkovniki Həzi Aslanovun başçılıq etdiyi batareya xüsusi fərqləndi. Bu tarixi qələbə nəticəsində sovet əsgərləri feldmarşal Paulyus başda olmaqla 94 min alman əsgər və zabitini əsir götürdülər. Məhz bu döyüşdən sonra H.Aslanova general-mayor rütbəsi və Sovet İttifaqı Qəhrəmanı adı verildi.

4. 2 fevral 1982-ci ildə Suriyada Hama qırğını yaşandı. Çevrilişlə hakimiyyəti ələ keçirən Hafiz Əsədə qarşı Hama şəhərində qiyam başladı. Beynəlxalq Əfv Təşkilatı Hama qırğınında 10 - 25 min arası adamın öldürüldüyünü, qeyri-rəsmi müşahidəçilər isə bu rəqəmin 40 minə yaxın olduğunu bildirirlər.

5. 1990-cı ilin 2 fevralında Cənubi Afrikanın dövlət başçısı Da Klerk Afrika Milli Konqresində qoyulan 30 illik qadağanı aradan qaldırdı: aralarında Nelson Mandelanın da olduğu siyasi məhkumları ən qısa müddətdə sərbəst buraxacaqlarını açıqladı.
6. 2 fevral 2004-cü ildə Türkiyə hökuməti Aralıq dənizi sahilində yerləşən, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edən Ceyhan neft terminalına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul edib.

2 fevralda həm də bu tarixi şəxsiyyət xatırlanır:

1. Azərbaycanın görkəmli ictimai xadimi, publisist və tərcüməçi Ceyhun Hacıbəyli 1891-ci ilin bu günü anadan olub. Fransanın Sorbonna Universitetində təhsil alan Ceyhun mətbuatda məqalələrlə çıxıb, “Azərbaycan” qəzetinin baş redaktoru olub, Şərqdə ilk milli operanın – “Leyli və Məcnun”un yaradılmasında qardaşı Üzeyir Hacıbəyovla birgə çalışıb.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Ceyhun Hacıbəyli 1920-ci il 28 Aprel işğalından sonra mühacirətə gedib. Fransada Parisdə yaşadığı illərdə Azərbaycanla bağlı publisistik məqalələr dərc etdirib. 1962-ci ildə dünyasını dəyişib və Parisdə dəfn olunub. (1891-1962)

2. Azərbaycanın ədəbiyyatşünası, dilçi və türkoloq alimi, fologiya elmləri doktoru, professor, AMEA-nın  həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadim Ağamusa Axundov 2 fevral 1932-ci ildə anadan olub.

3. Miniatur Kitab Muzeyinin təsisçisi və ilk rəhbəri, elm xadimi Zərifə Salahova 1932-ci ilin məhz bu günü doğulub.

4. Geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA Şəki Regional Elm Mərkəzinin sabiq direktoru Zəkəriyyə Əlizadə 2 fevral 1936-cı ildə anadan olub.

5. Azərbaycanlı alim, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Ümumittifaq Torpaqşünaslı Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin  üzvü,  Kənd Təsərrüfatı nazirinin birinci müavini,  AMEA-nın akademik katibi, Dünya Universitetlərinin  elmi və mədəniyyət üzrə doktoru, İngiltərə Kraliç Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın  akademiki və Coğrafiya İnstitutunun direktoru olmuş Həsən Əliyev 1993-cü ilin 2 fevralında vəfat edib.

6. Nasir, AYB-nin üzvü, Azərbaycan SSR xalq yazıçısı Əli Vəliyev 1983-cü ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO