Rasim Balayev, Çingiz Abdullayev, Zeynəb Xanlarova… - Ziyalılarımız niyə HƏDƏF ALINIR?

Rasim Balayev, Çingiz Abdullayev, Zeynəb Xanlarova… - Ziyalılarımız niyə HƏDƏF ALINIR?

Hazırda oxunan: Rasim Balayev, Çingiz Abdullayev, Zeynəb Xanlarova… - Ziyalılarımız niyə HƏDƏF ALINIR?

172503

Son vaxtlar təkcə milli dəyərlərimizə yox, həm də milli sərvətimiz sayılan fenomenlərə qarşı hücumlar artıb. Bu cür hücumların tək səbəbi nadanlıqdır. Bu nadanlığın bir çox səbəbi var. Məsələn, bəziləri bilmədən, bir çoxları kimlərinsə fitvası ilə bu yola gedirlər. 

Çox zaman, dar təfəkkürlü fərdlər hansısa məşhur haqqında cəfəng danışmaqla gündəm yaratmaq, tanınmaq istəyirlər. Bir çox hallarda həmin şəxslər istəklərinə nail olurlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Zeynəb Xanlarova: "Məni xalqın gözündən salmaq üçün üstümə iftira atırlar" - VİDEO


“Populyarlıq” üçün ən qısa yol bütün “körpüləri yandırmaqdır”.

Populyar olmaq, izləyici yığmaq istəyən “qəhrəman” üçün heç bir qırmızı cizgi olmur. Ona görə də “zəmanəmizin qəhrəmanları” çox asanlıqla hansısa qüvvələrin təsiri altına düşürlər. Bax, faciə də onda başlayır. Biri var ki, “bir dəli quyuya bir daş atır”, biri də var ki, “dəli quyuya hər gün daş atır”. Təbii ki, “quyuya atılan” çoxsaylı daşlar da fəsadsız qalmır. Cəmiyyətdə müəyyən çatlar yaradır, qopmalara səbəb olur. 

Son zamanların bədnam trendi

Bu da ondan ibarətdir ki, öz “guşəsinə çəkilən”, öz  qayğıları ilə məşğul olan sənətkarlar zorla intiriqaya çəkilir, şantaj edilirlər. Bəzi hallarda “qəhrəmanlar” xalqın milli sərvətinə və qürur yerinə çevrilmiş insanları ən pis şəkildə ittiham edirlər. Məsələn, son 6 ayda Xalq artisti Rasim Balayev, Xalq yazıçısı Çingiz Abdullayev bu cür hücumlara məruz qalıblar. 

Son günlərsə Xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovaya qarşı çirkin kampaniya başlayıb. 

Sanki, bəzi qüvvələr narahatdır ki, niyə bəzi fenomenlər çirkaba bulaşmayıb? Niyə onlar tənqiddən və hətta təhqirdən kənarda qalıblar?

Bu cür dardüşüncəli fərdlər məqsədli şəkildə xalqın milli sərvəti olan fenomenlərə qarşı səlib yürüşü təşkil etməyə çalışırlar. Doğrudur, “yel qayadan heç nə aparmır”. Amma bəzən “yel” “qaya”da öz izlərini salır. Bu da dəyərlərimizi zədələyir, zəiflədir. 

Qeyd edək ki, xeyli vaxtdır ki, Zeynəb Xanlarova aktiv ictimai və mədəni fəaliyyətdən kənarlaşıb. Bununla belə Zeynəb xanımın etdikləri xalqımızın mədəniyyət tarixinə qızılı hərflərlə yazılıb.

Məsələn, Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. 

Xalq musiqisi sahəsində SSRİ Xalq artisti alan ilk və son qadın müğənnimizdir. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənni də Zeynəb Xanlarova olub. ABŞ-da ən çox konsert verən Azərbaycan müğənnisi də Zeynəb Xanlarovadır. Bu siyahını daha da uzatmaq olar. 

Zeynəb Xanlarovanın daha bir ilki reallaşdırdığını isə çoxları bilmir. 

Bilmiyənlərin yadına salaq ki, 1988-ci ilin noyabrın 17-də Bakının Azadlıq meydanında dirçəliş hərəkatı başladı. O zaman “KQB”nin qorxusundan çoxları Azadlıq meydanının həndəvərinə gəlməkdən qorxurdu. Amma Zeynəb Xanlarova heç kimdən qorxmadan, çəkinmədən etirazçılara maddi yarım əlini uzatdı. Meydan hərəkatı iştirakçılarına ilk dəfə isti xörək və “buterbrod” payladan məhz Zeynəb Xanlarova olub. 

Mitinqlərin davam etdiyi 10 gün müddətində Zeynəb Xanlarova əlini etirazçıların üstündən çəkmədi. Bunu o zaman hamı bilirdi, hamı danışırdı. Yəni Zeynəb Xanlarova təkcə Azərbaycan musiqisinə böyük töhfə verməyib, Azərbaycanı dünyada tanıtmayıb, həm də Azərbaycanın milli oyanış hərəkatına ilk investisiya qoyan şəxs olub. Təkcə bu fakt Zeynəb Xanlarovanın müstəqillik tarixində qalmağına kifayət edir. Amma onun dövlətçilik və mədəniyyət tarixində qalacaq sonsuz sayda xidmətləri var. 

Bu qədər xidmətlər müqabilində dövlətdən və xalqdan heç nə istəməyən Zeynəb Xanlarova haqqında reallıqdan uzaq sözlər danışmaq ən azından haqsızlıqdır. 

Baxmayaraq ki, Zeynəb Xanlarovaya “atılan daşlar” quru səs-küydən başqa bir şey yaratmır, bununla belə “atılan daşlar” xalqın qəlbini sızladır, incidir. Müəyyən dövr gələcək ki, Zeynəb Xanlarova haqqında təhqirlər söyləyənlər yorulub, susacaqlar. Amma “xəncər yarası sağalsa da, söz yarası sağalmır”.

Gəlin söz yarası vurmaqdan çəkinək. Hələki gec deyil…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO