
- A-
- A
- A+
Özünü islam respublikası elan edən İranın müsəlman dünyasına İrəvan xəyanəti
İslamı öz siyasi hakimiyyətinin ideoloji dayağı kimi təqdim edən, şəriət qaydalarını bəhanə edərək ölkə daxilində insanlara sərt qadağalar və məhdudiyyətlər tətbiq edən İran hakimiyyəti növbəti dəfə özünü ifşa edib.
Söhbət İrəvandakı tarixi abidəmiz olan Göy məsciddə erməni şairi Yeqişe Çarentsin büstünün yerləşdirilməsi təşəbbüsündən gedir.
Üstəlik, özünü İslam dünyasının müdafiəçisi kimi təqdim edən molla rejimi məscidin daxilində xristian, erməni şairə büst qoyulması təşəbbüsünə canla-başla dəstək verir.
İslamda bütpərəstliyə qarşı mübarizə – İranın görməzdən gəldiyi prinsiplər
İlk növbədə qeyd edək ki, İslam dini bütpərəstliyi qəti şəkildə rədd edir. Qurani-Kərimin müxtəlif ayələrində bütlərdən uzaq durmaq buyurulur.
Məsələn, Həcc surəsinin 30-cu ayəsində bütlərin murdarlığından uzaq durmaq əmr edilir:
"Bütlərin murdarlığından (bütpərəstlikdən) və yalan sözdən uzaq olun!".
Maidə surəsinin 90-cı ayəsində isə bütlər şeytan əməli olan murdar işlər sırasında göstərilir:
"Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız”.
Ənbiya surəsinin 51-58-ci ayələrində Həzrət İbrahimin öz qövmünün bütlərə sitayiş etməsinə qarşı mübarizəsi təsvir olunur. Bu ayələr İslamın bütpərəstliyə münasibətinin mahiyyətini açıq şəkildə ortaya qoyur.
Məsələ yalnız Quran ayələri ilə də məhdudlaşmır...
Hədislərdə də canlı varlıqların təsvirləri, heykəllər və onların ibadət məkanlarında yerləşdirilməsi ilə bağlı ciddi məhdudiyyətlər mövcuddur. Buxari və Müslimin hədis toplularında təsvirlərin olduğu məkanlara rəhmət mələklərinin daxil olmaması ilə bağlı müddəalar yer alıb.
Şiə məzhəbinin tanınmış dini rəhbərlərinin fətvalarında da bu məsələyə xüsusi münasibət bildirilib.
İran İslam Respublikasının banisi Ayətullah Xomeyni "Təhrirül-vəsilə" əsərində canlı varlıqların tam heykəllərinin hazırlanmasına münasibətdə ciddi dini məhdudiyyətlər müəyyənləşdirib. Həmin hökmlərə görə, canlı varlıqların tam heykəllərinin düzəldilməsi ehtiyata əsasən haram sayılır və məscidlərdə bu cür elementlərin olması namazın kərahətinə səbəb olur.
Ayətullah Seyid Əli Xameneinin dini hökmlərində də canlı varlıqların heykəllərinin hazırlanması və saxlanılması qadağan edilir. Onun fətvasına görə, məscidlərdə canlıların şəkillərinin və ya heykəllərinin qoyulması və ya divarlara çəkilməsi məkruhdur (məscidin ehtiramına və ibadət mühitinə zidd olduğu üçün qəti şəkildə tövsiyə edilmir).
Göründüyü kimi, molla rejimin Göy məsciddə erməni şairə büst qoydurmaq təşəbbüsü həm Qurani-Kərimə, həm də İranın ali rəhbərlərinin fətvalarına açıq şəkildə ziddir.
Üstəlik, özünü İslam dəyərlərinin qoruyucusu kimi təqdim edən İran bu addımı atmaqla tək Azərbaycanın tarixi-mədəni dəyərlərini deyil, bütün dünya müsəlmanlarını təhqir edir.
Belə olan halda sual yaranır: İran hakimiyyəti öz ölkəsində dini qaydaları bu qədər sərt tətbiq etdiyi halda, İrəvandakı məsciddə büst yerləşdirilməsi təşəbbüsünə niyə dəstək verir?
Bu azmış kimi, İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi İrəvana səfəri zamanı Göy məsciddə keçirilən tədbirdə iştirak edib. Məhz həmin tədbirdə Göy məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adının verildiyi elan edilib. Yaxın gələcəkdə həmin zalda şairin büstünün yerləşdirilməsi də nəzərdə tutulur.
Burada söhbət Azərbaycanın tarixi-mədəni irsinə aid məscidin hansı məqsədlə istifadə olunması və İran hakimiyyətinin bu prosesdə oynadığı riyakar roldan gedir.
Məgər, İranın mədəniyyət tədbirini keçirmək üçün İrəvanda başqa məkan tapılmadı? Niyə məhz Azərbaycan mədəni irsinin yadigarı olan tarixi məscid seçildi? Niyə molla rejimi tərəfindən məsciddə İslamın, İran ayətullahlarının hökmlərinə zidd addımlar atılır?
Bütün bunların təsadüf olduğunu düşünmək sadəlövhlükdür. Rəsmi Tehran hər zaman olduğu kimi Ermənistanla münasibətlərində Azərbaycanın həssas məsələlərindən təzyiq vasitəsi kimi istifadə edir. Göy məsciddə keçirilən tədbir də bu siyasətin növbəti nümayişidir.
İranın şəriət həssasiyyəti Azərbaycana çatanda bitir?
Ölkə daxilində qadınların geyimindən tutmuş şəxsi davranışlarına qədər müxtəlif məsələlərə müdaxilə edən, dini qaydaların pozulmasını ağır hüquqi və inzibati tədbirlərlə müşayiət edən Tehran hakimiyyəti İrəvanda məscid daxilində büst yerləşdirilməsi məsələsinə gələndə eyni həssaslığı nümayiş etdirmir.
Bəs necə olur ki, İranda dini qaydalar dövlət siyasətinin əsasına çevrilir, amma Azərbaycanın tarixi məscidində həmin qaydalara zidd hesab edilən təşəbbüslər İranın yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə həyata keçirilir? İran hakimiyyəti üçün İslamın prinsipləri doğrudanmı bu qədər dəyişkəndir? Yoxsa öz rəhbərlərinin hökmləri belə siyasi maraqlara qurban verilir?
Əslində, bu sualların cavabı İranın son 35 ildə Ermənistanla qurduğu münasibətlərin mahiyyətində gizlənir. Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistanla müxtəlif istiqamətlərdə əməkdaşlıq edən İranın ölkəmizin tarixi-mədəni irsinə münasibəti də heç birimizə sirr deyil. İşğal altında olan ərazilərimizdə yüzlərlə tarixi abidənin dağıdılması, o cümlədən 67 məscidin vandalizmə məruz qalması qarşısında rəsmi Tehran susqunluq nümayiş etdirib. Hətta həmin abidələrin bir hissəsi tikinti materialı kimi İrana daşınıb.
Göy məscid İranın yox, Azərbaycan tarixinin yadigarıdır
Məsələnin digər mühüm tərəfi Göy məscidin tarixi mənsubiyyətidir. Hüseynəli xan məscidi kimi də tanınan bu abidə XVIII əsrdə, İrəvan xanı Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilib. Tarixi mənbələrdə onun 1766-cı ildə tikildiyi göstərilir.
Təxminən 7 min kvadratmetr ərazini əhatə edən məscid kompleksi ibadət zalları, daxili həyət, hücrələr və minarədən ibarətdir. Bu abidə İrəvan xanlığının memarlıq irsinin və Azərbaycan xalqının şəhərdəki çoxəsrlik tarixinin ayaqda qalan son nümunəsidir.
Buna görə də Göy məscidin İran mədəniyyət mərkəzi kimi təqdim olunması tarixi reallığın təhrifidir.
Rəsmi Tehran yaxşı başa düşür ki, Göy məscidin Azərbaycan tarixi ilə bağlılığının ön plana çıxarılması Ermənistanın uzun illər apardığı tarixi-mədəni mənimsəmə siyasətinə zərbədir. Buna görə də İranın İrəvandakı fəaliyyəti təkcə mədəniyyət tədbirləri ilə məhdudlaşmır, həm də Azərbaycanın tarixi yaddaşının arxa plana keçirilməsinə xidmət edir.
Molla rejiminin əsl siması bir daha üzə çıxdı
Göründüyü kimi, İrəvandakı Göy məsciddə baş verənlər İran hakimiyyətinin dini prinsiplərə münasibətindəki ikili standartların növbəti nümayişidir. Yəni məsələ Azərbaycan düşmənçiliyinə gələndə, molla rejimi islamın, öz rəhbərlərinin hökmlərini belə heçə sayır. Budur “İslam Respublikası”nın əsl siması...
Bizim.Media-nın analitik qrupu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































