
- A-
- A
- A+
Rusiya Konstantinovkanı niyə “humanitar missiya” üçün seçib? - Kremlin planı açıqlandı
Rusiya Konstitinovkada humanitar missiyanın keçirilməsini təklif etməklə Ukraynanın müdafiə xəttinin cənub cinahında mövqelərini gücləndirməyə çalışır. Belə bir müvəqqəti atəşkəs Rusiya ordusuna ağır texnikanı cəbhə xəttinə yaxınlaşdırmaq və daha sonra Konstitinovka ilə Dobropolyenin ələ keçirilməsi istiqamətində hücumları intensivləşdirmək imkanı yarada bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildiriblər.
Analitiklərin qənaətinə görə, Kreml növbəti humanitar missiyanın məhz Konstitinovkada keçirilməsində israr etməklə Rusiya ordusunun cəbhədəki vəziyyəti ilə bağlı irəli sürdüyü reallığa uyğun olmayan təsəvvürü ABŞ-a qəbul etdirməyə çalışır.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Ukrayna tərəfi humanitar atəşkəsin məqsədəuyğun olacağı işğal altındakı yeddi-səkkiz yaşayış məntəqəsinin siyahısını ABŞ-a təqdim edib. Lakin Kreml bu təklifləri qəbul etməyib.
ISW analitikləri hesab edirlər ki, Rusiya qüvvələri Konstitinovka və ətraf ərazilərdə mümkün yerli atəşkəsdən qüvvə və resurslarını toplamaq üçün istifadə edə bilər. Onlar bu ehtimalı Xerson istiqamətində Oleşkidəki atəşkəs təcrübəsi ilə müqayisə edirlər.
Analitiklərin sözlərinə görə, Oleşki ərazisində atəşkəs mülki əhalinin təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Xerson istiqamətində daha geniş ərazini əhatə edirdi. Ehtimal olunur ki, Konstitinovkada mümkün atəşkəs də ətraf ərazilərə şamil edilə bilər.
ISW-nin qiymətləndirməsinə görə, Rusiya hərbi komandanlığı bu müddətdən istifadə edərək Konstitinovka ətrafında mövqelərini möhkəmləndirə, daha sonra isə müdafiə istehkamları qurşağını cənub və cənub-qərb istiqamətlərindən ələ keçirmək cəhdlərini intensivləşdirə bilər.
Analitiklər bildirirlər ki, 2026-cı ilin oktyabr ayının əvvəlindən etibarən Dobropolye və Konstitinovka istiqamətlərində qeydə alınan Rusiya hücumlarının ümumi sayı Ukrayna ordusunun müdafiə istehkamları qurşağına qarşı bütün hücum fəaliyyətinin 80 faizini təşkil edib. Bu göstərici həmin istiqamətlərin Rusiya hərbi komandanlığı üçün əhəmiyyətini ortaya qoyur.
ISW analitiklərinin fikrincə, Konstitinovka istiqamətində geniş ərazini əhatə edən müvəqqəti atəşkəs Rusiya qoşunlarına Ukraynanın pilotsuz uçuş aparatlarının zərbələrindən ehtiyat etmədən ağır texnikanı cəbhə xəttinə yaxınlaşdırmaq imkanı verə bilər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Donetsk vilayətinin Konstitinovka şəhərindən Oleşkidəki təcrübəyə bənzər humanitar missiyanın təşkilini təklif edib. Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin isə Rusiyanın bu missiyadan öz hərbi məqsədləri üçün istifadə etmək istədiyinə işarə edib.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets bildirib ki, Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olan Konstitinovka Xerson vilayətinin işğal altındakı Oleşki şəhərindəki nümunəyə uyğun humanitar missiyanın keçirilməsi nəzərdən tutulan şəhərlərin siyahısına daxil deyil.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































