Kulevi limanındakı Gürcüstanın yeganə neft emalı zavodunu (Kulevi Oil Refinery) idarə edən "Black Sea Petroleum" (BSP) şirkəti Rusiya neftinin satınalınmasından imtina etdiyini bəyan edib. Şirkətin rəsmi açıqlamasında bildirilir ki, 2026-cı ilin avqust-sentyabr aylarından etibarən zavodda "müstəsna olaraq Rusiya mənşəli olmayan" xammal emal ediləcək. Şirkət bu addımı "xammalın diversifikasiyası" adlandıraraq qeyd edib ki, bu qərar "Black Sea Petroleum" tərəfindən istehsal olunan məhsulların yüksək gəlirli bazarlara çıxışını təmin edəcək.
Bizim.Media xəbər verir ki, Rusiyanın "Russneft" şirkəti birinci növbəsinin gücü ildə 1.2 milyon tona çatan Kulevi zavoduna neft tədarükünə hələ 2025-ci ilin oktyabrında başlamışdı.
Avropa İttifaqının sanksiya təzyiqi və Gürcüstanın geri çəkilməsi
Cari ilin fevral ayında Avropa İttifaqı Kulevi neft terminalının Rusiya neftinin reeksportunda və kölgə tankerlərinin köməyi ilə Avropa məhdudiyyətlərindən yan keçməsində iştirakı ehtimalı səbəbindən sanksiyalar siyahısına salınması imkanını müzakirə edirdi.
Martın əvvəlində isə Aİ hazırlıqda olan 20-ci sanksiyalar paketi çərçivəsində məhdudiyyətlərə məruz qalacaq təşkilatların ilkin siyahısına BSP şirkətini də daxil etmişdi.
Lakin bu addımdan sonra Gürcüstan hakimiyyəti limanı sanksiyalı Rusiya tankerləri üçün tamamilə bağlamaq və xammalın reeksportunu dayandırmaq öhdəliyi götürdü. Martın sonunda isə şirkətin baş direktoru David Potsxveriya Rusiya xammalından tamamilə imtina ediləcəyini elan etdi.
O bildirib ki, BSP Rusiya neftini tam əvəzləmək məqsədilə Kulevi NQZ üçün Türkmənistan və Qazaxıstan xammalının, həmçinin "digər alternativ mənbələrdən" neftin tədarükünə başlayır. Nəticədə Aİ Kulevi terminalını hazırlanan sanksiyalar paketindən çıxarıb.
Şirkətin öz məlumatlarına görə, 2026-cı ilin ilk altı ayı ərzində BSP 650 000 tondan çox xammal emal edib.
Həmçinin şirkət beynəlxalq texnoloji korporasiya olan "Honeywell" ilə tərəfdaşlığını genişləndirərək avadanlıqların və avtomatlaşdırılmış idarəetmə sistemlərinin satın alınması və tətbiqi barədə razılığa gəlib.
BSP 2027-ci ilin birinci rübündə Gürcüstan və ixrac bazarları üçün yol bitumu istehsalına başlamağı planlaşdırır. İkinci rübdə isə tam dövriyyəli ilk Gürcüstan NQZ-si olan Kulevi zavodu aviasiya yanacağının (reaktiv mühərrik yanacağı) istehsalına başlaya biləcək.
Bizim.Media


































































































