Çinin Fucyan əyalətinin Sintszyan qəzasında yerləşən “Huiteng Shoes” ayaqqabı fabrikinin ərazisində kütləvi tələfatla nəticələnən güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Çinin rəsmi “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 28 nəfər həyatını itirib.
Tsyuançou dairəsinin Yanğından Mühafizə və Xilasetmə İdarəsinin verdiyi məlumata görə, fabrikdə yanğın günorta saatlarında qəfildən başlayıb.
Hadisə baş verən anda binanın daxilində 237 fəhlə və 2 kuryer olmaqla ümumilikdə 239 nəfər olub. Həyata keçirilən təxliyə tədbirləri nəticəsində 213 nəfər binadan çıxarıla bilsə də, onlardan ikisi xəstəxanada ağır tüstü zəhərlənməsi və yanıq xəsarətlərindən dünyasını dəyişib. Digər 26 nəfər isə fabrikdə yanaraq həyatını itirib.
Genişmiqyaslı xilasetmə əməliyyatına 500-dən çox yanğınsöndürən və xüsusi texnika cəlb edilib. Hadisənin miqyasını nəzərə alan Fucyan əyalətinin rəhbərliyi fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması, faciənin dəqiq səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilməsi məqsədilə operativ qərargah yaradıb.
Hadisədən dərhal sonra hərəkətə keçən Çin polisi genişmiqyaslı cinayət işi başladıb.
Səhlənkar davranmaqda, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməməkdə şübhəli bilinən şirkət sahibi və müəssisənin bir neçə rəhbər vəzifəli şəxsi saxlanılıb. Faciə ilə bağlı məhkəmə araşdırmaları və kompensasiya ödənişlərinin təmin edilməsi məqsədilə “Huiteng Shoes” şirkətinin bütün bank hesabları dövlət tərəfindən dondurulub.
Bizim.Media






























































































