Mələkxanım Əyyubovanın bloger qızı: “Haqqımdakı dedi-qodulardan xəbərim var”

Hazırda oxunan: Mələkxanım Əyyubovanın bloger qızı: “Haqqımdakı dedi-qodulardan xəbərim var”

81332

“Bu gün ən gəlirli sahələrdən biri ilə məşqul olmaq və öz ayaqların üzərində dura bilmək məni çox sevindirir. İnstaqramdakı fəaliyyətimi əvvəllər hobbi kimi görsəm də, sonradan bu həyat tərzimə çevirildi”.

Bu sözləri Bizim.Media-ya verdiyi müsahibədə Xalq artisti Mələkxanım Əyyubovanın sosial şəbəkədəki səhifəsi ilə diqqət çəkən qızı Nəzrin Nəcəfova söyləyib.

- Maraqlıdır bloger fəaliyyətinizə necə başladınız?

- Fəaliyyətimə bloger yox, influenser desəydik daha doğru olardı. Əslində öz istəyimdən daha çox ətrafımdakıların reaksiyasını nəzərə alaraq instaqramda influenserlik fəaliyyətimə başladım. Hamı mənə deyirdi ki, bu fəaliyyət səndə yaxşı alınacaq və bir gün qəti qərara gəlib bu işə start verdim və indi geriyə baxanda düşünürəm ki, yaxşı ki başlamışam. Heç nə itirməmişəm, əksinə çox şey qazanmışam.

- Sosial şəbəkədə çoxunun maraqla izlədiyi birinə çevirilmək sizə ən əsas nə qazandırır?

- İlk başda bunu hobbi kimi görürdüm, sonra isə həyat tərzimə çevirildi. Nə isə qazanmağıma gəlincə isə sosial şəbəkə vasitəsi ilə həm pul, həm izləyici, həm də yeni dostlar qazanmışam. Buna baxmayaraq sadəlik mənim həyatda ən çox dəyər verdiyim prinsipdir. Həkimə, hətta alış-verişə belə gedəndə mən də, digər insanlar kimi sırada durub növbəmi gözləmişəm. İndi çoxu məşhurluğu hamıdan seçilmək, sanki üstün qarşılanma kimi görsə də, mən bunlardan yan gəzmişəm. İzləyicilərim milyonu keçsə belə, mən bu gün sahib olduğum bütün insani keyfiyyətləri qorumağa çalışacağam.

- Pulu yaman ürəklə söylədiniz. Sirr deyilsə, gəlirlərinizi bizimlə bölüşə bilərsiniz?

- Hələ ki, pis deyil. (Gülür) Gəlirlərim bu işə ilk başladığım zamanlar düşünməyəcəyim qədər yüksək, indi arzu etdiyimdən isə aşağıdır. Əslində bu iş kənardan asan görünsə də, heç də elə deyil. Sosial şəbəkədən yaxşı gəlir əldə etmək üçün vaxtının böyük əksəriyyətini orda keçirməlisən və bu da, səni digər işlərdən uzaqlaşdırır. İzləyicilərin marağının hər ötən gün artması isə özü də bir uğurdur. Qazancımın əksəriyyətini isə təbii ki, reklamlar təşkil edir. 

- İzləyicilərinizdən söz açdınız. Subay və gözəl bir xanım kimi əks cinsin nümayəndələrindən sizə yazanlar şübhəsiz ki, çoxdur. Maraqlıdır, daha çox kişilərdən nə kimi mesajlar alırsınız?

- Doğrusu, bu kimi mesajları bir-bir incələmək iqtidarında olmasam da, əksəriyyətinə baxıram. Harada olmasından asılı olmayaraq, hər kəs öz tərbiyəsini və sahib olduğu keyfiyyətləri nümayiş etdirir. İstənilən halda əgər etikadan kənar nə isə yazılarsa, Instagram da olsa o insanları blok etmək lazımdır. Mənə kişi izləyicilərimdən etikadan kənar nə isə gəlməyib. Məhz mənə qarşı cinsdən gələn mesajların çoxu bir növ gözəlliyin tərənnümünə hesablanır. “Çox gözəl və ya şarmlı xanımısınız” kimi ifadələrlə çox qarşılaşıram. Təbii ki, bu kimi yanaşmalar məndə ancaq gülüş yaradır.

- Qarşı cinsdən danışdıq, amma qadın həmkarlarınızda da sizə qarşı qısqanclıq hiss olunur. Haqqınızda “üzündə estetiksiz, botokssuz yer qalmayıb” deyənlər də az deyil. Bəs onlara münasibətiniz necədir?

- Üz elə bir nahiyədir ki, heç bir vəchlə onu gizlətmək mümkün deyil. Mən üzümdə yalnız burnumu plastik əməliyyat etdirmişəm və o da uzun illər öncə baş verib. Geridə qalan hər şey təbiidir və məcə təbii olmaq özü də bir gözəllikdir.

Söylədiyiniz, haqqımda gəzən dedi-qodulardan xəbərim var, amma məncə buna səbəb mənim baxımlı olmağımdır. Qadında təbii gözəllik olanda və o, onu qorumağa çalışanda istər-istəməz həzm etməyənlər olur və onlar da ən asan silah kimi uydurma söz-söhbətlərdən istifadə edirlər. Bir də qadını gözəl saxlayan əsas məqam onun “botoks” etdirməsi yox, kinayə, paxıllıq kimi hisslərdən uzaq olmasıdır. Mən həyatımı konflikt və mühahisədən uzaq olaraq yaşamışam və bundan sonra da işimlə məşqul olacağam.

- İşdən söz düşmüşkən, sizin əsl peşəniz rəssamlıq və modelyerlik sanki influenserlik fəaliyyətinizin kölgəsində qaldı. Bununla razısınızmı?

- İnfluenserliyin mənə məşhurluq gətirməsi ilə razıyam, amma bu o demək deyil ki, mən rəssamlığı unutmuşam. Həyatımın böyük bir hissəsini məhz rəssamlığa həsr etmişəm. Bu sahə üzrə bakalavr və magistr təhsili almışam. Bu yaxınlarda da, İzmirdə keçirilən sərgidə rəsm əsərlərim nümayiş olundu və bu əsərlərin əksəriyyəti də Vətən Müharibəsinə həsr olunmuşdu. Kifayət qədər də maraqla qarşılandı. Amma düzünü deyim ki, yaxşı bir rəssam olmaq məşhur bir bloger olmaqdan xeyli çətindir. Bir postu paylaşmaq bir neçə saniyə çəkir, amma sadə görünən bir rəsm əsərini ərsəyə gətirmək üçün aylarla işləyirsən. Modelyerliyə gəlincə, öz geyim şirkətimi qura bilmək mənim çoxdankı arzumdur, amma maddi və vaxt məsələləri səbəbindən hələ ona hazır deyiləm.

- Xalq artisti Mələkxanım Əyyubovanın qızı olduğunuzu çox adam bilir? Yoxsa, bunu gizlədərək yalnız öz adınız üzərində şöhrət qazanmağa çalışırsınız?

- Yolda gedərkən belə hiss edirəm ki, məni hər gün daha çox insan tanıyır, amma  kimin qızı olduğumdan xəbərsizdirlər.Etiraf edim ki, anamın adı ilə gündəmə gəlməyə çalışmamışam, amma mən ölənə qədər deyəcəyəm: “mən fəxr edirəm ki, Mələkxanım Əyyubovanın qızıyam”. Anam yeganə qadın sənətçilərdəndir ki, bu illər ərzində nə sənətindən, nə də ailəsindən diqqətini əskik etmədi. Saçlarımı hörərkən belə hansısa muğamı dinləyər və ya zümzümə edərdi. Mütamadi məşqləri olduğu zamanlarda da fasilədə  evə gələrək bizi yedirərdi. Bir sözlə nə çəkirdisə, bir özü bilirdi, bir də yanında olan insanlar. Sənətdən əlavə, bu cür qayğıkeş ananın qızı olduğum üçün çox sevinirəm.

- Bəs nə üçün siz də, ananız kimi ifaçı olmadınız? Bəlkə bu daha qazanclı ola bilərdi?

- Mən gözümü açandan anamın şöhrəti ilə yanaşı çəkdiyi əziyyətləri də görmüşəm. Muğam çox çətin sənətdir. İlahi eşq, dərin duyğu, əsrarəngiz səs və gərgin əmək tələb edir. Düzdür, əgər mən müğənni olmaq istəsəydim, anam əlindəki bütün imkanları məndən əsirgəməyəcəkdi. Hətta mən uşaq olarkən məni Oqtay Zülfüqarovun “Uşaq xoruna” və Aybəniz Haşımovanın “Bülbüllərinə” yazdırmışdı, amma elə uşaqkən anladım ki, bu sənət mənə görə deyil. Ona görə də nə anama, nə də özümə əziyyət verib bu sənətin arxasınca getmədim.(Gülür)

- Səhnədəki ulduzluğu geri itələyərək, sosial şəbəkənin ulduzuna çevirilməyiniz Mələkxanım Əyyubovada heç bir qıcıq doğurmadı ki?

- Əksinə olaraq anam özü məni bu işə həvəsləndirdi. Nə atam, nə də anam övladlarına onların istədikləri tərzdə yaşamaqla bağlı təzyiq göstərməyiblər. Anam yeniliklərə kifayət qədər açıq insandır və dünyagörüşünün də yüksək olması ona doğru incələmələr aparmaqda yaxından kömək edir. Bu mənada mən bu işə başlayanda anamın dəstəyini hiss etdim və bundan sonra da etimadnı doğrultmağa çalışacağam.

- Ananızdan söz düşmüşkən sizin yaxın qohumlarınız olan ifaçılar Mirkamil Kamilov və Ramal İsrafilovla ananız arasında bəzi soyuqluqlar olması da, mətbuatdan yan keçməyib. İndi ifaçı qohumlarınızla münasibətlər necədir?

- Bizim nəsildə səhnəyə və sənətə həvəsli insanlar çoxdur və onların hər birinin ayrı-ayrılıqda istedadlı olması məni çox sevindirir. Pandemiya səbəbindən onlarla  uzun müddət görüşə bilmədik, amma indi hər şey yaxşılığa doğru gedir. Anam həmişə onlara dəstək olub və məncə bu gün də müraciət etsələr, dəstəyini əsirgəməyəcək.

- Adətən subay qızlar evləndikdən sonra sosial şəbəkədən uzaqlaşırlar. Gələcəkdə seçim arasında qalsanız ailənizi, yoxsa bu gün sosial şəbəkədəki məşhurluğu seçərdiniz?

- Qadağalar həmişə marağa səbəb olur və məncə qadağa üzərində qurulan sevginin də ömrü çox qısa olur. Ailədə qısqanclıq və qadağanın əleyhinəyəm, amma əsl Azərbaycan qadınının ailə öhtəliklərini də çox yaxşı anlayıram.


Bu cəmiyyətin bir üzvü kimi burdakı qaydalardan bixəbər deyiləm. Ailə sahibi və ana olan bir qadın ilk öncə məhz ona sahib çıxmalı, daha sonra isə doğru bildiyi işi icra edərək cəmiyyətə və onu sevənlərə fayda verməlidir. Gələcək ona görə maraqlıdır ki, biz ondan xəbərsizik. Ola bilər, elə bir məqam yaransın ki, mən sosial şəbəkədən uzaqlaşım, amma mənimlə evlənmək istəyən insan, məni tanıyan insan olmalıdır və sosial fəaliyyətim onun tərəfindən qəbul olunmalıdır.

Leyla Şah, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO