Amerikalı supermodel Sindi Krouford və biznesmen Rendi Gerberin oğlu, model Presli Gerber 27 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, P. Gerber sentyabrın 20-də reabilitasiya müəssisəsində dünyasını dəyişib.
Onun ölümü barədə məlumat Los-Anceles dairəsinin məhkəmə-tibbi ekspertinin məlumatları ilə də təsdiqlənir.
Ailə nümayəndəsi Presli Gerberin ölümünü təsdiqləyib və bu ağır dövrdə yaxınlarının şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edib.
Ölümün səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Məhkəmə-tibbi ekspertin ofisindən bildirilib ki, yarılma prosesi hələ başa çatmayıb.
Presli Gerber 1999-cu ildə Beverli-Hillzdə anadan olub. O da anası kimi modelliklə məşğul olub. Karyerasına 15 yaşında başlayan Presli Gerber tanınmış moda brendləri ilə əməkdaşlıq edib və Moschino, Dolce & Gabbana, Burberry və Bottega Veneta da daxil olmaqla müxtəlif moda nümayişlərində iştirak edib.
Son illərdə P. Gerber psixi sağlamlığı ilə bağlı problemlər və asılılıq barədə açıq danışıb. O, sağalma prosesindən dəfələrlə bəhs edib və sosial şəbəkələrdən psixi sağlamlıq məsələlərinə diqqət çəkmək üçün istifadə edib. 2026-cı ilin martında o, asılılıqdan müalicə aldığını da açıqlamışdı.
Presli Sindi Krouford və Rendi Gerberin yeganə oğlu olub. Onun kiçik bacısı Kayya Gerber də model və aktrisadır.


Bizim.Media





































































































