Əməkhaqqı, təqaüd və sosial yardım kimi ödənişlərin hansı bank vasitəsilə alacağını vətəndaşın özünün seçməsi ilə bağlı dəyişiklik gündəmə gəlib. Azərbaycan Mərkəzi Bankının planladığı bu yeniliklə işçi və təqaüdçülər aylıq ödənişini hansı bankdan alacaqlarına sərbəst qərar verə biləcəklər.
Bəs bu dəyişiklik vətəndaşa nə verəcək? Banklar arasında rəqabət necə dəyişəcək və yeni sistem hazırda kartı olan şəxslərə də aid ediləcəkmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, yeni qayda vətəndaşa maaş və ya digər ödənişlərin hansı bank hesabına yönləndiriləcəyini seçmək hüququ verəcək:
“Vətəndaş hansı bankın kartından istifadə etmək onun üçün daha əlverişlidirsə, vəsaitin həmin hesaba yönləndirilməsini istəyəcək. İstəsə, əvvəlki qaydada ödənişlərini aldığı bankdan istifadə etməyə davam edə bilər. Yəni burada əsas məsələ vətəndaşa seçim hüququnun verilməsidir.
Bu dəyişiklik banklar arasında rəqabətə də müsbət təsir göstərəcək. Əvvəllər əməkhaqqı kartlarının böyük hissəsi bir neçə əsas bankda cəmləşirdi və şirkətlər, eləcə də dövlət qurumları ödənişləri həmin banklar vasitəsilə həyata keçirirdilər. Banklar da müştərilərin gəlirlərini və xərcləmə qaydalarını bildikləri üçün onlara kredit və digər xidmətlər təklif edə bilirdilər. İndi isə vəsaitlərin müxtəlif banklar arasında bölüşdürülməsi mümkün olacaq”.
Ekspertin fikrincə, banklar müştəriləri cəlb etmək üçün kartlarını və xidmətlərini daha əlverişli etməyə çalışacaqlar:
“Banklar müxtəlif loyallıq proqramlarından, qalığa faiz verilməsindən, bəzi ödənişlər üzrə komissiyaların azaldılmasından və keşbek imkanlarından istifadə edə bilərlər. Bu dəyişiklik yalnız sentyabrdan sonra maaş almağa başlayacaq şəxslərə aid olmayacaq, ümumilikdə tətbiq ediləcək. Hazırda bunun dövlət sektorunda çalışanlardan başlanılması planlaşdırılır. Daha sonra digər sektorların da bu sistemə keçməsi gözlənilir. Vətəndaş istədiyi halda, müraciət və ya tətbiq vasitəsilə əməkhaqqının hansı bankın kartına köçürüləcəyini seçə biləcək”, - o qeyd edir.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 15.08.2026
Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?
Hazırda oxunan: Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?
Hazırda oxunan: Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?
631131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































