Azərbaycana göndərilən pulun həcmində AZALMA – SƏBƏB NƏDİR? 

Azərbaycana göndərilən pulun həcmində AZALMA – SƏBƏB NƏDİR? 

Hazırda oxunan: Azərbaycana göndərilən pulun həcmində AZALMA – SƏBƏB NƏDİR? 

155143

Mərkəzi Bankın son məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi $890,75 milyon təşkil edib ki, bu da 2022-ci ilin I yarısının göstəricisindən 1,8 dəfə azdır. Hesabat dövründə köçürmələrin böyük hissəsi - $607,905 milyon (azalma 2,1 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 68,2%-i (2022-ci ilin yanvar-iyun aylarında xüsusi çəki 80%) Rusiyadan həyata keçirilib.

Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($70,674 milyon, artım 27,4%), ABŞ ($34,982 milyon, azalma 2,2 dəfə), Böyük Britaniya ($17,372 milyon, artım 11,3%) və Gürcüstan ($15,255 milyon, artım 13,3%) daxildir.

Bəs, göndərilən pulun azalması nə ilə bağlıdır? Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli, bunun səbəbini ötən bir il ərzində həm Rusiyada, həm də Türkiyədə baş verən və hələ də davam edən iqtisadi böhranla əlaqələndirib.

Ekspert bildirib ki, Azərbaycanı tərk edən vətəndaşların böyük əksəriyyəti hazırda Rusiyada məskunlaşıb:

Onlar orada yaşayır, işləyir və çoxu da Azərbaycandakı ailəsini saxlayır. Bu baxımdan da pul baratlarının böyük hissəsi bu ölkədən gəlir. Növbəti yerlərdə isə Türkiyə və Avropa İttifaqı ölkələri dayanır”.

Hazırda Rusiyanın Aİ ölkələrinin sanksiyaları nəticəsində əziyyət çəkdiyini deyən ekspert, bu ölkədə iqtisadiyyatın da getdikcə çökdüyünü bildirdi:

“Bu, orda yaşayan azərbaycanlıların gəlirlərinə də mənfi təsir edir və ötən illərdə qazandıqlarının yarısını bu gün qazana bilmirlər. Buna görə də Azərbaycandakı ailələrinə pul baratları göndərmək imkanları azalıb.

Bu problem bir qədər yumşaq formada Türkiyəyə də aiddir. Son 1 il ərzində lirə rubldan da sürətlə ucuzlaşıb. Bir sözlə, hər iki ölkədəki iqtisadi böhran Azərbaycana daxil olan pul baratlarının həcminin azalmasında böyük rol oynayır”.

Ekspert qeyd edib ki, bu prosesə dünyada baş verən çalxalanmalar da öz təsirini göstərir:

“Əsasən də Ukrayna müharibəsi və bu səbəbdən baş verən iqtisadi tənəzzül, orada yaşayan azərbaycanlıların iqtisadi aktivliyinə ciddi şəkildə təsir edir”.

Mərkəzi Bankın müəyyən etdiyi ilk beşlikdəki Böyük Britaniya və Gürcüstanla bağlı fikirlərini açıqlayan A.Nəsirli bildirdi ki, bu ölkələrdən göndərilən pul baratlarının həcminin artması mümkündür:

“Amma bu daxilolmalar ümumi həcmin fonunda çox kiçikdir və buna heç bir təsir etmir. Buna görə də belə ölkələrdə artım olan kimi, ümumi faiz göstəriciləri yüksəlir. Baş verənlər isə onu göstərir ki, ölkəyə göndərilən pul baratlarının həcmi azalmaqda davam edəcək.
Ona görə ki, bizim əsas gözləntilərimiz Rusiya ilə bağlıdır. Amma Rusiyanın iqtisadiyyatı getdikcə çökür və bu da böyük dövlətlər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO