“Fənərbaxça”da prezidentliyə namizəd Hakan Safi İtaliya millisi və “Milan” əfsanəsi Paolo Maldinini kluba gətirmək üçün hərəkətə keçib.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Safi İtaliyada bir sıra görüşlər keçirib və bu çərçivədə Maldini ilə də bir araya gəlib.
Görüş zamanı İstanbul klubunun gələcək futbol strategiyası, idarəetmə modeli və klubun beynəlxalq səviyyədə inkişaf planları müzakirə olunub.
İddialara əsasən, Paolo Maldininin klubda idman direktoru və ya futbol strukturuna rəhbərlik edən əsas fiqur kimi fəaliyyət göstərməsi planlaşdırılır. Onunla ilkin razılıq əldə edildiyi haqqında məlumat yayılıb. Safi seçiləcəyi təqdirdə “sarı-lacivərtlilər” Avropa standartlarına uyğun yeni sistem qurmağı hədəfləyib.
Əgər bu reallaşarsa, Maldininin “Fənərbaxça”ya gəlişi klub tarixində ən səs-küylü addımlardan biri kimi yadda qalacaq.
Qeyd edək ki, Maldini futbolçu karyerası boyunca “Milan”da çıxış edib. O, 1985-2009-cu illərdə İtaliya klubunun şərəfini qoruyub.
Maldini 2018-2019-cu illərdə komandanın inkişaf direktoru, daha sonra isə texniki direktor vəzifələrində çalışıb. 2023-cü ilin iyun ayında isə vəzifəsindən ayrılıb.
Naibə, Bizim.Media



































































































