Son günlər Azərbaycan futbol gündəmində diqqətçəkən iddialardan biri də Elvin Cəfərquliyevin "Neftçi" PFK klubuna mümkün keçidi ilə bağlıdır. Sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlara görə, futbolçunun paytaxt təmsilçisi ilə anlaşmaya yaxın olduğu bildirilir. Qeyd olunur ki, peşəkar futbolçunun 670000 avro dəyərində "Neftçi"yə keçidi ilə bağlı razılıq əldə olunub.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı News24.az "Neftçi" PFK-ya sorğu ünvanlayıb.
Klubdan verilən cavabda bildirilib ki, hazırda hər hansı futbolçunun komandaya transferi ilə bağlı konkret müzakirələr aparılmır və yayılan məlumatlar təsdiqini tapmır.
Açıqlamada qeyd olunub ki, hazırda komandanın bütün diqqəti qarşıdakı oyunlara və mövsüm çərçivəsində qarşıya qoyulan hədəflərə yönəlib. Klub daxilində əsas prioritetin mövcud heyətin hazırlığı, oyun intizamının gücləndirilməsi və uğurlu nəticələrin əldə olunması olduğu vurğulanıb.
Bununla yanaşı, klub rəsmiləri transfer məsələləri ilə bağlı rəsmi qərarların yalnız müvafiq vaxtda ictimaiyyətə açıqlanacağını diqqətə çatdırıblar.
Bizim.Media































































































