
- A-
- A
- A+
Qırmızı işıqda dayanıb təyyarənin enməsini gözləyirlər – Video
Cəbəllütariqdə yerləşən beynəlxalq hava limanının uçuş-enmə zolağı bölgəni İspaniya ilə birləşdirən dördzolaqlı əsas avtomobil yolu ilə kəsişir. Ərazi məhdudiyyəti səbəbindən qeyri-adi üsulla inşa edilən bu zolaqda təyyarələrin hər enişi və qalxışı zamanı avtomobil və piyada hərəkəti təxminən 10 dəqiqə müddətinə tamamilə dayandırılır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin ən sıx nəqliyyat arteriyası olan və İspaniya sərhədinə aparan Uinston Çörçill bulvarı hava limanının uçuş-enmə zolağını tən ortadan iki yerə bölür.
Bu vəziyyət təyyarələrlə avtomobillərin eyni səth üzərində hərəkət etməsini zəruri edir.
Uçuş zolağı ilə avtomobil yolunun kəsişdiyi nöqtədə təhlükəsizliyi təmin etmək məqsədilə dəmir yolu keçidlərindəkinə bənzər idarəetmə sistemi tətbiq olunur. Təyyarə enəndə və qalxanda avtomobil yolundakı işıqforlar qırmızıya keçir və fiziki maneələr (şlaqbaumlar) enərək nəqliyyat vasitələrinin və piyadaların hərəkətini məhdudlaşdırır.
Uçuş əməliyyatları zamanı avtomobil və piyada yolunda uzun növbələr yaranır.
Təhlükəsizlik protokollarına uyğun olaraq, təyyarənin zolağa yaxınlaşmasından enişini tamamlayıb ərazini tərk etməsinə qədər olan müddətdə şlaqbaumlar bağlı saxlanılır. Bu proses hər uçuş üçün orta hesabla 10 dəqiqə çəkir. Uçuşlardan kənar vaxtlarda isə avtomobil yolunda hərəkət adi qaydada davam edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































