Yaponiyada insanların tənhalıqdan uzaqlaşmaq və müxtəlif tədbirlərdə tək qalmamaq üçün müraciət etdiyi maraqlı xidmət gündəmə gəlib. Ölkədə müəyyən ödəniş qarşılığında müvəqqəti sevgili kirayələmək mümkündür.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Tokioda fəaliyyət göstərən bu xidmət vasitəsilə müştərilər müxtəlif yaş qruplarından və fərqli maraq dairələrinə malik şəxslər arasından seçim edə bilirlər. Görüşlər əsasən kafe, restoran, park və digər ictimai məkanlarda keçirilir.
Xidmət romantik münasibət və ya sevgili yaxınlığı vəd etmir. Görüş zamanı öpüşmək və digər fiziki təmaslara icazə verilmir. Bəzi hallarda gəzinti zamanı əl-ələ tutmaq kimi xüsusi istəklər isə əlavə ödəniş qarşılığında mümkün olur.
İki saatlıq görüş üçün müəyyən edilən əsas ödənişdən başqa, seçilən əlavə xidmətlərə görə də ayrıca məbləğ tələb olunur. Məsələn, birlikdə əyləncə məkanına getmək, xüsusi geyim seçmək və ya yemək hazırlatmaq əlavə xərc yarada bilər. Nəticədə iki saatlıq görüşün ümumi qiyməti 18-25 min yenə, yəni təxminən 210-270 manata başa gəlir.
Yaponiyada bu cür xidmətlər yalnız sevgili kirayələməklə məhdudlaşmır. Ölkədə müxtəlif sosial ehtiyaclar üçün dost, ailə üzvü və ya tədbirlərdə müşayiət edən şəxsləri də müəyyən müddətə kirayələmək mümkündür. (metbuat.az)
Bizim.Media






































































































