Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonu ölkənin baş prokuroru vəzifəsindən kənarlaşdırıb.
Bizim.Media xəbər verir ki, müvafiq fərman Ukrayna liderinin saytında dərc olunub.
Qanunvericiliyə əsasən, baş prokuroru istefaya Ali Rada göndərir. Bu məsələ ilə bağlı iclas sentyabrın 15-nə planlaşdırılmışdı. Lakin Zelenski hərbi vəziyyətin ona verdiyi genişləndirilmiş səlahiyyətlərdən istifadə edərək deputatları qabaqlayıb. Hazırda çərşənbə axşamı Radada səsvermənin keçiriləcəyi məlum deyil.
Kravçenko özü hələ sentyabrın 7-də istefa verdiyini bəyan etmişdi. O, Ukraynanın baş prokuroru vəzifəsindən gedişini "siyasi qərar" adlandırıb. Bununla belə, o, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olan korrupsiya sxemlərinə şəxsi iştirakını qəti şəkildə təkzib edib.
Hazırda Kravçenko xaricdədir. O, ezamiyyətdə olduğunu və burada bir sıra görüşlərinin planlaşdırıldığını bildirib. Kravçenko həmin görüşlər çərçivəsində beynəlxalq tərəfdaşları Ukraynanın antikorrupsiya orqanları sistemindəki real vəziyyət barədə məlumatlandırmağı planlaşdırır.
Bizim.Media
































































































