İran sahilləri yaxınlığında əməliyyat tapşırıqlarını icra etməyə davam edən ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) qruplaşmasının tərkibinə hazırda azı 20 döyüş gəmisi daxildir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, Ərəbistan dənizində — İran sahillərindən cənub-şərqdə iki aviadaşıyıcı — "USS George H.W. Bush" və "USS George Washington" döyüş növbətçiliyi aparır. Sonuncu gəmi keçən həftə ABŞ-dəki bazaya yola düşən "USS Abraham Lincoln" aviadaşıyıcısını əvəz etmək üçün regiona gəlib. Bu gəmilərdə ümumilikdə 100-dən çox qırıcı, radioelektron mübarizə və uzaq radarlarla aşkar etmə təyyarələri bazalaşıb.
Aviadaşıyıcılarla yanaşı, regionda, o cümlədən Hörmüz boğazından şərqdə — Oman körfəzində 1 600 km mənzilə malik "Tomahawk" qanadlı raketləri ilə təchiz edilmiş 1 kreyser və 12 esmines yerləşdirilib. Daha iki raket esminesi isə Qırmızı dəniz və Hind okeanındadır.
Oman körfəzində, həmçinin 3 böyük desant gəmisindən ibarət amfibiya-desant qrupu yerləşir.
Bu gəmilərin göyərtəsində təxminən 2 200 hərbçidən ibarət Dəniz Piyadalarının 11-ci ekspedisiya dəstəsi, şaquli qalxma və enmə qabiliyyətinə malik "F-35" qırıcılarından ibarət iki eskadrilya, konvertoplanlar, zərbə və nəqliyyat helikopterləri, eləcə də desant katerləri var.
Bundan başqa, ABŞ HDQ-nin İran yaxınlığındakı qruplaşmasının tərkibinə ekspedisiya dəniz bazası olan "USS Miguel Keith" gəmisi də daxildir.
Bizim.Media


































































































