Amerikalı tanınmış R&B ifaçısı Kris Braun Kaliforniyanın Tarzana şəhərindəki malikanəsində ev işçisinə itin hücum etməsi hadisəsi ilə bağlı təqsirli bilinib. Los-Ancelesdə iki həftə davam edən məhkəmə araşdırmasından sonra andlılar heyəti zərərçəkmiş qulluqçu Mariya Avilanın xeyrinə qərar çıxarıb. Hadisə hələ 2020-ci ildə, qadın musiqiçinin həyətində zibil atmağa çıxarkən baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Kris Braun və ona məxsus "Black Pyramid LLC" şirkəti səhlənkarlıq göstərdiklərinə görə zərərçəkmişə ümumilikdə 12.9 milyon dollar kompensasiya ödəməlidir.
Ət parçalayan it və müğənninin hadisə yerindən qaçması
Mariya Avilanın sözlərinə görə, ifaçıya məxsus "Aid" ləqəbli, təxminən 90 kiloqram çəkisi olan nəhəng Qafqaz çoban iti onun bədənindən "böyük ət parçaları" qoparıb. Qadın üz nahiyəsindən sağalmaz xəsarətlər alıb, bədənində dərin çapıqlar qalıb, görmə qabiliyyətini qismən itirib və sinir sisteminə ciddi ziyan dəyib. Cərrahlar onun qolunu bərpa etmək üçün qarın nahiyəsindən dəri köçürməli olublar.
Məhkəmə zamanı müğənninin hadisə anındakı rüsvayçı davranışı da üzə çıxıb. Məlum olub ki, Kris Braun qan içində olan qadına kömək etmək və ya təcili yardım çağırmaq əvəzinə... sadəcə hadisə yerindən qaçıb. O, qulluqçunu digər işçilərin ümidinə buraxaraq uzaqlaşıb. Müdafiə tərəfi bunu onunla əsaslandırıb ki, ifaçı "911" xidmətinə zəng edərkən səsinin yazılmasından və mətbuatda böyük qalmaqal yaranmasından qorxub.
Braun məhkəmədə "Qan görmək məni qorxutdu" deyərək şoka düşdüyünü və menecerinin məsləhəti ilə həkimlər gəlməmişdən əvvəl malikanəni tərk etdiyini bildirib.
Məhkəmə prosesindən öncə sənətçi təqsirini qismən etiraf etsə də, son ana qədər xəsarətlərin ağırlığını şübhə altına almağa çalışıb və qadının "özünü günahkar" çıxarmağa cəhd edib. O iddia edib ki, Mariya və onunla birgə işləyən bacısı Patrisiyaya itin aqressiv olduğunu və həyətə yalnız mühafizəçinin müşayiəti ilə çıxmağı şəxsən xəbərdar edib.
Lakin bacılar dil baryeri səbəbindən müğənni ilə belə bir söhbətin ümumiyyətlə mümkün olmadığını deyərək bu iddianı təkzib ediblər. Braun həmçinin itin ona deyil, təqibçilərdən qorunmaq üçün şəxsi mühafizə xidmətinə məxsus olduğunu irəli sürüb.
Məhkəmə Mariyaya ödəniləcək 13 milyon dollara yaxın vəsaitlə yanaşı, əlavə cərimələr də kəsib:
Dəhşətli hadisənin şahidi olmuş bacısı Patrisiyaya 885 000 dollar,
Mariyanın həyat yoldaşı Oskar Olivoya isə 50 000 dollar kompensasiya ödəniləcək.
Zərərçəkmiş Mariya Avila bir daha qulluqçu kimi işləyə bilməyəcəyini vurğulayıb. Çünki aldığı travmalardan sonra qolu əvvəlki gücünü itirib və onda yaranan ağır Posttravmatik Stress Pozuntusu (PTSP) səbəbindən istənilən iti gördükdə panik qorxu keçirir.
Bizim.Media



































































































