Hindistan hakimiyyəti Everest dağının ən təhlükəli hissəsi olan "ölüm zonası"nda genişmiqyaslı və riskli əməliyyata start verib.
Bizim.Media “KP.ru”ya istinadən xəbər verir ki, ekspedisiya çərçivəsində dağda təxminən 8 500 metr hündürlükdə, 1996-cı ildə baş vermiş dəhşətli çovğunda həlak olan və "Yaşıl çəkmələr" (Green Boots) ləqəbi ilə tanınan alpinistin cəsədinin aşağı endirilməsi planlaşdırılır.
Uzun illər ərzində bu donmuş cəsədin Hindistanlı alpinist Sevanq Palcorun (Tsewang Paljor) qalıqları olduğu hesab edilirdi. Lakin Hindistan hakimiyyətinin rəsmi tender sənədlərinə görə, həlak olan şəxsin əslində onunla eyni ekspedisiyada iştirak edən və eyni gündə itkin düşən komanda yoldaşı Dorce Morup (Dorje Morup) olduğu bildirilir.
Üzərindəki ağır alpinist geyimləri və buz qatı səbəbindən çəkisi 200 kiloqrama çata bilən cəsədin dağdan endirilməsi 6 nəfərdən ibarət təcrübəli şerpa (yerli bələdçi) komandasına həvalə olunacaq. Ümumi büdcəsi 150 000 dollar qiymətləndirilən bu təhlükəli xilasetmə əməliyyatının cari ilin oktyabr ayına qədər yekunlaşdırılması hədəflənir.
Ekspertlər bildirirlər ki, belə ekstremal hündürlükdə donmuş cəsədin çıxarılması xilasedicilərin öz həyatı üçün dəhşətli risklər yaradır və qalıqların buzlu qayalarla aşağı daşınması inanılmaz fiziki güc tələb edir.
Qeyd edək ki, "Yaşıl çəkmələr" onilliklər ərzində zirvəyə doğru irəliləyən digər alpinistlər üçün bir növ vahiməli və məşhur bələdçi-oriyentir rolunu oynayırdı.
Bizim.Media




































































































