İspaniyada may ayında müşahidə olunan və mövsüm üçün qeyri-adi hesab edilən isti hava dalğası nəticəsində 101 nəfər həyatını itirib.
Bizim.Media Haberler.com-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Monica Garcia ölkədə yüksək temperaturun sağlamlığa təsirinin qarşısını almağa yönəlmiş milli planın təqdimatı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, may ayında havanın temperaturu mövsümü normadan 10-15 dərəcə yüksək olub. O bildirib ki, ölən şəxslər həddindən artıq istilərin səbəb olduğu və ya ağırlaşdırdığı sağlamlıq problemləri nəticəsində həyatlarını itiriblər.
Monica Garcia ispaniyalıları qarşıda olduqca isti yayın gözlədiyi barədə xəbərdar edərək qeyd edib ki, əsas problem təkcə havaların daha isti keçməsi deyil, isti hava dalğalarının hər il daha erkən başlamasıdır.
İspaniyanın Səhiyyə və İqlim Dəyişiklikləri Direktoru Hektor Texero isə bildirib ki, yüksək temperaturdan qaynaqlanan ölümlər əsasən Basklar ölkəsi, Asturiya və Qalisiyada yaşayan yaşlı qadınlar arasında qeydə alınıb. Onun sözlərinə görə, bu qrupun isti havaya uyğunlaşması daha çətin olur.
Rəsmi statistikaya əsasən, İspaniyada 2022-ci ildə 4 813, 2023-cü ildə 3 009, 2024-cü ildə 2 012, 2025-ci ildə isə 3 832 nəfər həddindən artıq istilər səbəbindən həyatını itirib. 2015-2025-ci illərdə isti hava ilə əlaqələndirilən ümumi ölüm sayı isə 27 564 nəfər olub.
Xədicə Paşayeva, Bizim.Media





































































































