Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq vəzifəsindən istefa verib.
Bizim.Media "Sky news" telekanalına istinadla xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı məktubda Baş nazir Kir Starmerin liderliyinə etimadını itirdiyini bildirib, hökumətdə qalacağı təqdirdə, şərəfsiz və prinsipsiz addım olacağını qeyd edib.
Ues Stritinq bildirib ki, hökumətdə vizyon və istiqamət çatışmazlığı var. O, Leyboristlər Partiyasının ötən həftə keçirilən seçkilərdə ağır məğlubiyyətindən sonra partiya daxilində narazılığın artdığını vurğulayıb.
O, Baş nazirin qış mövsümündə yanacaq subsidiyalarının azaldılması və miqrasiya ilə bağlı çıxışlarını da hökumətin populyarlığını zəiflədən amillər kimi göstərib. Ues Stritinq hələlik partiya liderliyi uğrunda rəsmi mübarizəyə başlamasa da, Kir Starmerin növbəti ümumi seçkilərə Leyboristlər Partiyasının lideri kimi qatılmayacağını düşündüyünü bildirib.
O qeyd edib ki, partiyanın gələcəyi ilə bağlı mümkün qədər geniş namizəd seçimi təqdim edilməlidir.
Bizim.Media
































































































