Son günlərdə Avropa ölkələrinin Ukraynaya qarşı siyasətində dəyişikliklər hiss olunur. Kiyevin əsas dəstəkləyicisi və qitənin aparıcı ölkəsi sayılan Almaniya da artıq Ukraynanı ərazi itkilərini qəbullanmağa çağırıb.
Xarici mətbuatın yazdığına görə, Almaniya kansleri Fridrix Merts Ukraynanın Rusiya ilə gələcək sülh müqaviləsinin bir hissəsi olaraq ərazisinin müəyyən qisminin Kiyevin nəzarətindən kənarda qala biləcəyini qəbul etməli olacağını bildirib. O hətta bu cür güzəştləri ölkənin Avropa İttifaqına üzvlük perspektivləri ilə də əlaqələndirib.
Almaniya kansleri deyib ki, atəşkəs və sülh müqaviləsi imzalanan zaman Ukrayna ərazisinin bir hissəsinin Ukrayna ərazisi olmaqdan çıxması baş verə bilər.
"Ukrayna hansısa bir vaxt atəşkəs müqaviləsi imzalayacaq. Ümid edirik ki, Rusiya ilə sülh müqaviləsi də imzalayacaq. O zaman Ukrayna ərazisinin bir hissəsinin Ukrayna ərazisi olmaqdan çıxması baş verə bilər. Prezident Zelenski bunu xalqına çatdırmaq və əksəriyyətin dəstəyini qazanmaq istəyirsə və bu məsələ ilə bağlı referendum keçirməlidirsə, eyni zamanda xalqa deməlidir: "Mən sizin üçün Avropaya yol açdım", - Merts deyib.
Almaniyanın bu cür mövqe sərgiləməsi nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Almaniya kansleri Merts Ukraynanın durumunu dəyərləndirərkən məhz öz ölkəsinin təcrübəsindən çıxış edərək belə bir qənaətə gəlib:
“Vaxtilə Almaniya özünə aid olan Şərqi Prussiya, Köniqsberqi itirdi. Hətta keçən əsrin 90-cı illərinə qədər Almaniyanın əsas hissəsi iki yerə bölünmüşdü. Yalnız sonradan, əlverişli beynəlxalq şəraitin yaranması fonunda birləşdilər.
Kiyevə verilən bu mesaj vaxtilə Serbiyaya da verilib. Hazırda Avropa İttifaqı Serbiyanı məcbur edir ki, quruma üzv olmaq üçün Kosovanı müstəqil dövlət kimi tanısın. Serbiya isə Kosovanı öz ərazisi hesab edərək, onu tanımaqdan imtina edir. Belqrad bildirir ki, quruma üzv olmaq üçün belə ağır itkilərə razılıq verməyəcək.
Serbiyadan bunun tələb olunması həm də beynəlxalq hüququn pozulmasıdır. İndi onlar Kiyevdən də eyni şeyi tələb edirlər. Bildirirlər ki, itirilmiş ərazilərlə barış, onda Aİ qapıları da üzünüzə açılacaq”.
Politoloqun sözlərinə görə, Kiyev ərazilərin itirilməsilə barışsa, dərhal bütün dünya Donbas və digər işğal edilmiş əraziləri də Rusiya ərazisi kimi tanıyacaq:
“Vaxtilə Azərbaycana da torpaqların itirilməsilə barışmağı tələb edirdilər. Atəşkəs sazişi imzalayaraq, 30 il dözərək gözlədik, nəhayət torpaqlarımızı azad etdik. İndi Azərbaycan da Ukraynaya deyir ki, atəşkəsə razılaşın, amma həmin əraziləri Rusiya ərazisi olaraq tanımayın.
Kiyev tanımamaqda davam etsə, Rusiya da sanksiyalar altında qalmaqda davam edəcək. Belədə, Ukrayna ordusunu daha da gücləndirib, vaxt çatanda torpaqlarını yenidən geri qaytara bilər. Ukrayna xalqı da hələlik torpaqların itirilməsinə razı deyil. Onlar seçim, dilema qarşısındadır”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:20 / 29.04.2026
80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI
Hazırda oxunan: 80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI
Hazırda oxunan: 80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI
609953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































