ABŞ ilə İran arasında tarixi nüvə və təhlükəsizlik sazişinin imzalanması ərəfəsində İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava zərbələri Vaşinqtonla Təl-Əviv arasında görünməmiş siyasi qalmaqala səbəb olub. ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahudan "Hizbullah"a qarşı hücumları dərhal dayandırmağı tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Fox News" telekanalı məlumat yayıb.
"Bibidə zərrə qədər də sağlam düşüncə yoxdur"
Ağ Ev rəhbəri İsrail baş nazirinin addımlarından həddindən artıq qəzəbləndiyini gizlətməyib və qapalı qapılar arxasında çox sərt ifadələrdən istifadə etdiyini etiraf edib:
"Bibi (Netanyahu) bu lənətə gəlmiş hücumu niyə təşkil etdi?! Mən dəhşətli dərəcədə qəzəbləndim və bunu onun özünə də açıq şəkildə bildirdim. Ondan soruşdum ki, “Hansı cəhənnəmə bu addımı atırsan?'. Bibidə ümumiyyətlə zərrə qədər də sağlam düşüncə yoxdur, mən onun Beyruta vurduğu bu zərbədən son dərəcə narazıyam".
İranla saziş yaxın saatlarda imzalanır
Tramp regional gərginliyə baxmayaraq, rəsmi Tehranla münasibətlərin normallaşdırılmasını nəzərdə tutan sənədin tam hazır olduğunu bəyan edib. O, ABŞ və İran arasında sazişin yaxın 2-3 saat ərzində onlayn formatda imzalana biləcəyini vurğulayıb:
"Bu gün sazişin imzalanması onlayn formatda baş tutacaq, lakin artıq bir həftədən sonra Avropada tərəflərin iştirakı ilə rəsmi və geniş formatda təkbətək imzalama mərasiminin keçirilməsi gözlənilir".
Tehrana raket zərbəsi endirməmək çağırışı
ABŞ Prezidenti həmçinin əlavə edib ki, o, danışıqlar prosesini və əldə olunan tarixi fürsəti qorumaq məqsədilə rəsmi Tehrana müraciət etməyə hazırlaşır. Tramp İran rəhbərliyini İsrailin Beyrut hücumuna cavab olaraq bu ölkəyə qarşı hər hansı raket zərbəsi endirməkdən çəkinməyə çağıracağını bildirib.
Siyasi ekspertlərin fikrincə, Trampın Netanyahuya qarşı bu cür görünməmiş sərt ritorikası Ağ Evin İranla sülh sazişinə nə dərəcədə böyük strateji önəm verdiyini və İsrailin bu prosesi pozmasına icazə vermək niyyətində olmadığını nümayiş etdirir.
Bizim.Media

































































































