Türk qadın ilk dəfə Almaniya Bundestaqının vitse-spikeri seçildi – DETALLAR - VİDEO

Hazırda oxunan: Türk qadın ilk dəfə Almaniya Bundestaqının vitse-spikeri seçildi – DETALLAR - VİDEO

43490

Türk qadın Aydan Özoğuz ilk dəfə Almaniya Bundestaqının vitse-spikeri vəzifəsinə seçilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.

“Başqa ölkələrdən gələn mühacirlər istəsələr, inadla Almaniyada yüksək vəzifə qazana bilərlər”, deyə o, əminliklə bildirib.
 

Özoğuz Almaniya Sosial Demokrat Partiyasının (SPD) üzvüdür. Anadolu agentliyinin müxbirinə müsahibə verən siyasətçi bildirib ki, onun Bundestaqda yüksək vəzifəyə seçilməsi Almaniyadakı etnik azlıqlar üçün bir növ “mesaj”dır.


Özoğuzun sözlərinə görə, Almaniyada əksər insanların həyatında miqrantlar mövzusu mühüm yer tutur.

“Əvvəllər müəyyən təzyiq hissi var idi. Belə görünürdü ki, insan miqrantdırsa, istədiyi statusu əldə edə bilməyəcək. Hətta bir çox gənclər belə inanclara görə geri çəkilirdilər. Mən də onlara deyirdim: “Özünüzü göstərin, istədiyiniz mövqeyə çata biləcəksiniz”, - vitse-spiker qeyd edib.

“Mən göstərdim ki, fərqli etnik mənşəli miqrantlar Almaniyada istədiklərinə nail ola bilərlər”, – siyasətçi vurğulayıb. 

Özoğuz Almaniya parlamentinin vitse-spikeri vəzifəsinə seçilməsi ilə əlaqədar sevinir və bu uğuru sıçrayış adlandırır:

“Məncə türk adını daşıyan bir qadının belə uğur qazanması çox gözəldir”.

Özoğuz təəssüf bildirir ki, valideynləri onun uğurlarını görməyəcəklər, çünki ikisi də dünyasını dəyişib: “İrəli getməyimə kömək edən valideynlərimdir”.

Siyasətçinin sözlərinə görə, Almaniyadakı digər partiyaların deputatları, xüsusən də etnik azlıqların bir çox gənc nümayəndələri onu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik ediblər.

“Onlar gəlib məni qucaqladılar. Dedilər ki, onlar üçün çox gözəl nümunəyəm. Məsələn, bu gün bir gənc gəlib atasının bosniyalı olduğunu söylədi. O, nailiyyətlərimi yüksək qiymətləndirdiyini dedi. Bütün bunlar həqiqətən gözəldir”, - deyə vitse-spiker davam edib.

Anadolu agentliyinin müxbiri ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının aparıcı deputatı Aleksandr Qolandın keçmişdə Özoğuza qarşı təxribat xarakterli açıqlamalarını xatırladıb.

“AfD-nin mənə səs vermədiyi aydındır. Amma partiya liderlərindən Bernd Baumann məni təbrik etdi. Görürəm ki, müəyyən müddətdən sonra buna dözmək məcburiyyətindədirlər”, - Özoğuz qeyd edib.

Siyasətçi gələcəkdə ona qarşı mümkün təxribat xarakterli hücumlara diqqət çəkib.

"Lakin müzakirələr nizamnamə çərçivəsində aparılmalıdır, ümid edirəm ki, hamı bu məsələdə lazımi diqqətlilik nümayiş etdirəcək", - Bundestaq sədrinin müavini bildirib.
 

Özoğuz 1967-ci ildə Hamburqda anadan olub. 2001-2008-ci illərdə Sosial Demokrat Partiyasından Hamburq parlamentinin deputatı seçilib. 2009-cu ildə keçirilən seçkilərdə Sosial Demokrat Partiyasından Bundestaq deputatı olub.


2013-cü ildə o, dövlət naziri rütbəsi ilə İmmiqrasiya, Qaçqınlar və İnteqrasiya üzrə Komissar təyin edilən ilk etnik türk qadını olub.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO