AK Partiya niyə uduzdu?

Hazırda oxunan: AK Partiya niyə uduzdu?

185780

Novruz tətilində yolum Quba-Qusar səmtə düşmüşdü. Bölgənin ucqar kəndlərində belə şəhidlər adına bulaqların, şəhid lövhələrinin yanıbaşında, digər bir çox ünvanda Azərbaycan bayrağı ilə yanaşı qardaş Türkiyənin bayrağını gördüm. 

Qürurvericidir.

Əlbəttə, bu, güney bölgələrimizdə də, bir sözlə, respublikamızın həmən-həmən hər bucağında belədir. Hətta, yalnız respublikamız üzrə deyil, “Vətənin qıraqda qalan yerləri”ndə yaşayan soydaşlarımız, o cümlədən Güney Azərbaycanda – harda mümkündür orada, mümkün olmayınca, evlərdə, arabalarda, könüllərdə öz bayrağımızla yanaşı qardaş Türkiyənin də bayrağı vardır. Bu, hansısa yerli özünüidarəetmə orqanının – bələdiyyənin təşəbbüsü deyil, vətəndaşların, soydaşlarımızın xəlqi duyğularının təntənəsidir. 

Görkəmli ictimai-siyasi və dövlət xadimi Mövlud Çavuşoğlu Türkiyənin Xarici İşlər naziriykən Prezident İlham Əliyevin qəbulunda belə demişdi: 

“Biz bir-birimizi dəstəkləməyi sizdən öyrəndik, öyrənirik. Sizin “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” sözlərinizi heç bir türk, Türkiyə Cümhuriyyəti vətəndaşı unuda bilməz. Sizin liderliyinizlə bütün bu çətinliklərə qarşı işbirliyimizi davam etdirəcəyik və Sizin liderliyinizlə Türkiyəni və Azərbaycanı, inşallah, hədəflərinə çatdıracağıq”.   

Beləliklə, xalq da, dövlət də “Bir ürəkdə iki can, Türkiyə-Azərbaycan!” deyib, deyir, deyəcəkdir! 

Bu inam və hisslər paradı əcdadımızın ruhunu şad edir, gələcək nəsillərə yol göstərir. Və bizlər qarşılıqlı məhəbbət içində bir-birimizin sözünü öz sözümüz, müharibəsini öz müharibəmiz, zəlzələ itkilərini öz itkimiz, nə bilim, futbol klubunu öz klubumuz bilmişik. – Düz etmişik, sabah da belə edəcəyik! Ona görə, qardaş ölkələrimizdə seçkilər keçirilincə də eyni həyacana köklənmişik, ürəklərimiz bir vurub. 

Əlbəttə, biz bir-birimizin daxili işlərinə qarışmamaq nəzakətini göstərə bilirik – bu öz yerində; lakin az qala vahid forma almış informasiya məkanımız elədir, orada nəynən nəfəs alırlar burada, burada nə ilə nəfəs alırlar orada duyulur. Bilinir ki, simpatiya kimin tərəfindədir. 

Başqa onlarla ölkədə seçki olsun-olmasın, kim seçilsin-seçilməsin – bizi qayğılandırmaz; lakin “Mevzu-bahis Vatansa, gerisi teferruattır!” deyib, Türkiyədə Prezident, parlament seçkilərinə mənəvi cəhətdən biganə qalmamış, qardaşlıq duyğularımızı gizlətməmişik. 
Ancaq bir neçə gün öncəki bələdiyyə seçkilərinə ellikcə yüksək həssasiyyət göstərdikmi? – Açığı, yox. Bəs nə üçün? – Çünki biz bələdiyyələri Türkiyənin xarici siyasəti, dövlət maraqları, qardaşlığın göyüzü üçün xüsusi önəm daşıyan hadisə bilməmişik. Ola bilsin, bu, bizim özümüzdə bələdiyyə seçkilərinin hələ bir o qədər (haqq etməli olduğunca) həssaslıqla, fəallıqla qarşılanmamasından da qaynaqlanır. 

Gəlin etiraf edək, əgər bələdiyyə seçkilərinə də Prezident və parlament seçkiləri qədər ilgi duysaydıq, sonuclar bir başqa cür də ola bilərdi. Zatən ötən ilki seçkilər nümayiş etdirdi ki, qardaş ölkəmizdə demokratik ictimai fikir çox kəskin fərq olmadan bir dəngədə sabitləşib. Ona görə də, AK Partiyanın (“Cümhur İttifaqı”nın) və CHP-nin səsləri arasındakı fərqə baxsaq, “Azərbaycanın simpatiya nümayişi təsirsiz olmaya bilərdi” şəklində bir cümlə qurmaq olar.

CHP 47 ildən sonra bələdiyyə seçkilərini necə uddu?

CHP qardaş ölkənin siyasət meydanında olan ən uzunömürlü partiyadır. Biz bu partiyanın hansısa dönəmlərdəki fəaliyyətini bəyənməyib, bəzən qəbul etməsək də, “Atatürkün qurduğu partiya” olduğunu yada salıb, sərt ifadələr işlətməmişik. Etiraf edək, görünür, partiya ard-arda uduzduğu seçkilərin sonuclarını daxili müsahibədən keçirib. 

Örnəyi, Ankara haqqında “iki keçmiş MHP-li yarışdı, AK Partiya uduzdu, CHP qalib gəldi” deyimini qəribəsəməməliyik. CHP-nin qalibiyyətində namizədlərin özəl həssaslıqla seçildiyi, seçim bölgəsinin gerçəkliklərinin nəzərə alındığı göz önündədir. Yenə deyirəm, şəxsi duyğularımızdan, siyasi simpatiyamızdan asılı olmayaraq, bu, belədir.

Nəhayət, ötən ilki Prezident seçkiləri ilə bu ilki bələdiyyə seçkiləri arasında müqayisə apardıqda, digər bir sıra faktorlarla yanaşı, Azərbaycan faktorunun Türkiyə cəmiyyətində, ictimai rəydə önəm daşıdığını vurğulaya bilərik.

Müstəqil təhlillər göstərir ki, Azərbaycanın simpatiyası Türkiyənin ən azı 15-20 faiz elektoratına təsir edir. 

Bu elektoratsa seçki prosesində həlledici faktor kimi çıxış edir.

Danılmaz faktdır ki, Türkiyədə güclü müxalafətçilik və vətəndaş cəmiyyəti institutları, “Layiq Cümhuriyyət” gələnəyi mövcuddur. Bunu əsas götürərərək, demək olar, bayaq vurğuladığımız (ən azı) 15-20 faizlik elektorata təsir faktorunu, qardaş məhəbbətini, Azərbaycanın simpatiyasını dəyərləndirən istənilən siyasi qüvvə seçki prosesində güclü tərəfə çevrilə bilir. Qardaş məhəbbətini, mənəvi dəstəyi gözardı etməməkdə yarar vardır.

Ötən il Azərbaycanın uhulət-suhulətli, qardaşlıq məhəbbəti və nəzakəti ilə süslənmiş dəstəyi AK Partiyanın (“Cümhur İttifaqı”nın) Prezident və parlament seçkilərində qələbə qazanmasına öz təsirini göstərdi. 2024-cü il bələdiyyə seçkilərində Azərbaycan faktorunun meydanda olmaması AK Partiyanın öz mövqelərini qoruya bilməməsinə, ana müxalifət partiyası CHP-ninsə toparlanaraq seçkiləri qazanmasına gətirib çıxardı. 

Ümidvaram, belə demək qüsur sayılmaz.

Nəhayət, sonda onu da vurğulayaq ki, qardaş ölkədə hətta bütün bələdiyyələr hər hansı başqa bir partiyada olsa belə, o partiya türk xalqının Azərbaycana, Türk dünyasına sevgi-sayğısını gözardı edib, siyasət yürüdə bilməz, yanlış edərsə, bələdiyyə heyətinin, o heyətin aldığı qərarların ömrü uzun çəkməz. Kərküklülərin bir sözü var, deyərlər “yanlış hesab Bağdaddan dönər”; bizsə, işlədiyimiz mövzu gərəyincə, “yanlış hesab türk xalqından dönər” demək istərdik. 

İstərdik ki, böyük şəhərlərdən tutmuş ən kiçik muxtarlıqlaradək seçkilərdə qələbə qazanmış namizədlər, onların siyasi partiyaları qardaşlıq bağlarımıza, Türk dünyası vizyonuna kölgə salacaq hər hansı yanlışın içində yer almasın. Alarlarsa, məhz onlara səs verən xalq özü onları yanlışdan dönməyə vadar edər.

Əkbər Qoşalı
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO