
- A-
- A
- A+
Sabiq icra başçısının qaçaqmalçılıqda təqsirləndirilən oğlu məhkəmədə ifadə verdi
Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili olmuş, qacaqmalçılıqda təqsirləndirilən Ənvər Tağıyevin cinayət işinin məhkəməsinin növbəti baxışı keçirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.
Hövsan Dəniz Limanında konteynerlərin boşaldılmasına nəzarət edən Əli Vəliyev ifadəsi zamanı təqsirləndiriləni yaxından tanımadığını və onu həmin ərazidə gördüyünü deyib:
"Rəis özü də bunu təsdiqləyə bilər. Bir dəfə əraziyə gəlib konteynerlərin yerini dəyişdirməli olduğumu dedi. Mən də bildirdim ki, bunu ancaq briqadir deyəndən sonra edə bilərəm".
Digər şahid, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi vəzifəsini tutmuş Rəşad Daşdəmirov ifadəsi zamanı özünün də sözügedən cinayət işi ilə bağlı təqsirləndirilən şəxs olduğunu deyib.
Liman ərazisindən yüklərin çıxarılması prosesinin həyata keçirilməsinə aydınlıq gətirən şahid vurğulayıb ki, bu prosesi 20-30 nəfər həyata keçirib:
"Ənvər Tağıyev gömrük idarəsinin əməkdaşı olub, bizimlə hər hansı bir əlaqəsi yoxdur.
Gəmi limana yanaşandan sonra gəmidə komissiya işləyir, ardınca liman xidməti əməliyyata başlayır. Liman ərazisində yük maşınları ilə bağlı təşkilatçılığı isə mühafizə xidməti həyata keçirib. Limanda konteynerlərin yerləşdirilməsində mənim fəaliyyətim olmayıb".
Qeyd edək ki, Rəşad Daşdəmirov da qaçaqmalçılıqla təqsirləndirilərək barəsində ittiham irəli sürülüb. O, Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.
Fərid Usubov ifadəsi zamanı bildirib ki, həmin ərəfədə ümumi postlardan birinin rəisi vəzifəsini tutub və Ənvər Tağıyevlə hər hansı iş əlaqəsi olmayıb.
Növbəti proses dekabrın 17 - nə təyin edilib.
Qeyd edək ki, ƏnvərTağıyev barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmədə dəyişdirilərək, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
İttihama görə, Ənvər Tağıyev Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyərkən digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək qaçaqmalçılıq cinayəti törədib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə barədə müvafiq qərar qəbul olunub, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş tədbirlər nəticəsində Ukrayna ərazisində olduğu yer müəyyənləşdirilərək saxlanılıb.
O, Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































