Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edildi

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edildi

Hazırda oxunan: Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edildi

638231

Qusar rayonunda əlverişsiz hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

Bizim.Media xəbər verir ki, cari ilin mart-aprel aylarında müşahidə olunan intensiv yağıntılar nəticəsində rayonun ayrı-ayrı ərazilərində yolların və yol qurğularının zədələnməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədilə müvafiq bərpa işləri həyata keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında “Evrascon” şirkəti tərəfindən Qusar–Əniq–Laza avtomobil yolunun 35-ci kilometrliyində yolun altından 4 ədəd iri diametrli suötürücü boru quraşdırılıb, 2450 metr uzunluğunda beton örtüklü küvet tikilib. Nəticədə su axınının tənzimlənməsi təmin edilərək, yolun hərəkət hissəsi bərpa olunub.
 

Eyni zamanda, Laza kəndi ərazisində metal konstruksiyalı körpünün tikintisi başa çatdırılıb. Laza kəndinə aparan avtomobil yolunun asfalt örtüyünün yenilənməsi də nəzərdə tutulur. Hazırda yolun hamarlanması işləri aparılır. Bundan əlavə, Laza çayından sentyabrın 3-də yenidən müşahidə edilən palçıq və lil kütləsinin təmizlənməsi işləri həyata keçirilib.


Həzrə–Zuxul avtomobil yolunun 8-ci kilometrliyində sel sularının təsiri nəticəsində yolun sağ kənarı dağılıb. Həmin sahədə yol yatağı yenidən qurulub, zədələnmiş hissə bərpa olunaraq asfalt örtüyü salınıb və yolun normal istismarı təmin edilib.

Həzrə–Mucuq avtomobil yolunun 6-cı kilometrliyində, Mucuq kəndi ərazisində yerləşən kənddaxili körpünün sel sularının təsiri nəticəsində dağılmış giriş-çıxış hissələri yenidən qurularaq asfaltlanıb, yol yatağı bərpa edilib.

Qusar–Həzrə–Sudur avtomobil yolunun Düztahir ərazisində yol kənarında yerləşən su hövzəsinin daşması nəticəsində kənd ərazisindən keçən avtomobil yolunun müəyyən hissəsi yararsız vəziyyətə düşüb. Problemin aradan qaldırılması və suyun yolun hərəkət hissəsinə axmasının qarşısının alınması məqsədilə 150 metr uzunluğunda boru xətti quraşdırılaraq su hövzəsində toplanan artıq suların ərazidən kənarlaşdırılması təmin edilib.
 

Qusar–Həzrə avtomobil yolunun Yasab kəndi ərazisindən keçən hissəsində sel sularının dağıtdığı suötürücü qurğunun yerinə suötürücülük qabiliyyəti daha çox olan yeni keçid tikilib. Yola asfalt qatı çəkilməklə gediş-gəliş bərpa olunub.


Eyni zamanda, Sudur kəndi ərazisində Həzrə–Sudur yolunun 33-cü kilometrliyində 18 metr uzunluğunda körpünün tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Qusar rayonunda yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, avtomobil yollarının əsaslı təmiri istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2025-ci ildən başlanaraq rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri layihəsi icra edilir.

Hazırda Hiloba, Yasaboba və Əniqoba kəndlərində, eləcə də Xuluqoba kəndinin giriş hissəsində yol yatağının tikintisi və çınqıl örtüyünün döşənməsi işləri aparılır. Zəruri yerlərdə iri diametrli suötürücü borular quraşdırılıb. Quxuroba–Şirvanlı istiqamətində isə 8 kilometrlik hissəyə asfalt-beton örtüyünün birinci qatı salınıb, digər işlərin icrası davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO