Civə tərkibli dəri ağardıcı kremlərlə bağlı problem yenidən gündəmə gəlib. “Reuters”in araşdırmasına görə, civə ehtiva edən 20-dən çox dəri ağardıcı məhsul “Amazon”, “Temu” və “TikTok Shop” kimi onlayn ticarət platformalarında satışdadır. Civənin böyrəklərə, beyinə və sinir sisteminə zərər verə biləcəyi nəzərə alınaraq, Avropa İttifaqında bu cür məhsulların satışına qadağa qoyulub.
Azərbaycanda da müxtəlif dəri ağardıcı kremlərdən istifadə olunur və xarici platformalardan sifariş edilən bu məhsullar ölkəyə gətirilə bilər. Bəs onlayn sifarişlə gətirilən dəri ağardıcı kremlərin tərkibinə nəzarət necə həyata keçirilir?
Civə tərkibli məhsullar ölkəyə buraxılırmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, civə müəyyən qrup kosmetik məhsullarda, o cümlədən dəri ağardıcı kremlərdə ağır metal göstəricisi kimi mütləq yoxlanılır.
Laborator müayinələr zamanı kosmetik məhsulların tərkibində civənin olub-olmaması müəyyən edilir:
“Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”na əsasən, sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq məhsulları ölkəyə idxal edilərkən Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ tərəfindən məcburi gigiyenik sertifikatlaşdırmaya cəlb olunur.
Azərbaycan Respublikasına idxal olunan bütün kosmetik məhsullar sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsulları kimi sanitariya-gigiyenik təhlükəsizlik baxımından hərtərəfli qiymətləndirilir. Sanitariya-gigiyenik ekspertiza və laborator müayinələrin nəticələri müəyyən edilmiş norma və tələblərə uyğun olmadıqda məhsula gigiyenik sertifikat verilmir və ölkəyə buraxılmır”.
Kosmetik məhsullarda bu günə qədər civə aşkar edilməyib
Məlumata əsasən, Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsinə gigiyenik sertifikatlaşdırma məqsədilə təqdim edilmiş kosmetik məhsullarda laborator müayinələr çərçivəsində bu günə qədər civə aşkar edilməyib:
“Belə hal aşkar edildiyi təqdirdə məhsulun sanitariya-gigiyenik təhlükəsizlik tələblərinə uyğun olmadığı dərhal qiymətləndirilir, həmin məhsula gigiyenik sertifikat verilmir və müvafiq tədbirlər görülür.
Xarici onlayn platformalardan sifariş edilən məhsullara gəlincə, kommersiya məqsədi daşıyan idxal hallarında müraciət əsasında məhsula dair müşaiyətedici sənədlər və məhsul nümunələri təqdim olunduqda gigiyenik sertifikatlaşdırma proseduru həyata keçirilir”.
Qeyd olunub ki, şəxsi istifadə məqsədilə gətirilən məhsullara isə mövcud qanunvericilik çərçivəsində nəzarət mexanizmləri tətbiq olunmur və vətəndaşların müraciətləri əsasında yoxlamalar aparılır.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:40 / 22.09.2026
Avropada qadağan olunan civəli kremlər Azərbaycana gətirilir? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Avropada qadağan olunan civəli kremlər Azərbaycana gətirilir? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Avropada qadağan olunan civəli kremlər Azərbaycana gətirilir? – RƏSMİ AÇIQLAMA
638091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































