Almaniyanın paytaxtı Berlində məhkum olunmuş cinayətkarlar prokurorluqda zərf çatışmazlığı səbəbindən azadlıqda qalıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "Berliner Zeitung" qəzeti məlumat yayıb.
Bildirilib ki, xüsusi sarı zərf çatışmazlığı səbəbindən Berlin prokurorluğu bir neçə həftə ərzində normal fəaliyyət göstərə bilməyib.
Bununla da qurum məhkum edilmiş şəxslərə cəzalarını çəkməyə başlamaları barədə bildirişləri göndərə bilməyib. Nəticədə bəzi şəxslər həbsxanaya nəzərdə tutulandan daha gec düşüb, həbsxanalarda isə yerlər boş qalıb.
Bunlar adi zərflər deyil, sənədlərin rəsmi qaydada təqdim edilməsi üçün istifadə olunan xüsusi formalardır. Onlar məhkəmə qərarlarının, çağırış vərəqələrinin və həbsxanaya təslim olmaq barədə göstərişlərin göndərilməsi üçün istifadə olunur. Çatdırılma zamanı poçtalyon iki səhifəlik təhvil-təslim təsdiq formasını doldurmalı və həmin forma daha sonra iş materiallarına əlavə edilməlidir.
Problem federal qaydalardakı dəyişiklikdən sonra yaranıb. Yeni formalardan istifadə tələbi hələ 2025-ci ilin mart ayının sonlarında qüvvəyə minmiş, köhnə formalar isə 1 avqust 2026-cı il tarixindən etibarən etibarsız sayılmışdı. Beləliklə, qurumların hazırlıq görmək üçün təxminən 16 ay vaxtı var idi. Lakin yeni zərflərin ehtiyatı cəmi iki həftə sonra tükənib.
Berlin prokurorluğunun sözçüsü "qısamüddətli təchizat fasiləsi" olduğunu təsdiqləyib.
Qurum bunun nəticəsində nə qədər məhkumun müəyyən olunmuş müddətdən daha uzun müddət azadlıqda qaldığını bilmir, çünki bu barədə xüsusi qeydlər aparılmayıb. O vaxtdan bəri yeni zərf partiyası gətirilsə də, penitensiar xidmət ehtiyatın hələ də kifayət etmədiyini bildirir.
Bizim.Media


































































































