Hər il məktəb çantalarının ağırlığı məsələsi müzakirə edilir. Belə ki, həm dərsliklərin, həm iş dəftərlərinin qoyulduğu çantaları daşımaq xüsusilə azyaşlılar üçün xeyli çətindir. Bu barədə mütəxəssislər dəfələrlə xəbərdarlıq ediblər ki, ağır məktəbli çantası uşaqlarda bel, boyun və çiyin ağrılarına, əzələ gərginliyinə və duruş pozuntularına səbəb ola bilər. Buna görə də bəzi valideynlər üzərində “ortopedik” yazılan çantalar almağa daha çox üstünlük verirlər. Belə çantaların qiyməti isə bir xeyli yüksək, 100-150 manat arasında dəyişir. Bu səbəbdən hər kəsin cibinə uyğun deyil.
Maraqlı suallardan biri də budur ki, çanta ağır olsa belə, onun ortopedik olması uşağın onurğa sağlamlığını qoruya bilər? Yoxsa, bu, şişirdilmiş düşüncədir?
Bizim.Media mövzuyla əlaqədar fizioterapevt Əziz Dəvrişovun fikirlərini öyrənib. Fizioterapevt vurğulayıb ki, bir çox istehsalçı “ortopedik” sözünü marketinq məqsədilə istifadə edir.
Həkim ilk olaraq, valideynlərə faydalı çanta seçərkən nələrə diqqət etməli olduqları barədə məsləhət verib:
“Uşağın onurğası üçün faydalı olan əsas xüsusiyyətlər çantanın bədənə uyğun ölçüdə olması, arxa hissəsinin dəstək verməsi, enli və tənzimlənən çiyin qayışlarına malik olması və yükün bərabər paylanmasına imkan yaratmasıdır. Yəni faydanı müəyyən edən yazı deyil, erqonomik quruluşdur”.
Müsahibimiz vurğulayıb ki, heç bir ortopedik çanta həddindən artıq ağırlığın mənfi təsirini tam aradan qaldıra bilməz.
“Elmi araşdırmalar göstərir ki, əsas risk faktoru yükün miqdarı və daşınma üsuludur. Ağır çanta bədənin ağırlıq mərkəzini dəyişir, uşağın irəli əyilməsinə, çiyin və bel nahiyəsində əlavə yüklənməyə səbəb ola bilər. Erqonomik çanta bu yükü daha rahat paylaşdıra bilər, lakin artıq çəkini kompensasiya etmir.
Çantanın üzərində “ortopedik” yazılması onun tibbi cəhətdən üstün olduğunu sübut etmir. Valideynlər etiketə deyil, çantanın funksional xüsusiyyətlərinə diqqət etməlidirlər: yüngül material, bədənə yaxın oturuş, sərt və dəstəkli arxa panel, enli qayışlar və düzgün ölçü daha önəmlidir. Ən sağlam çanta uşağın boyuna və bədən quruluşuna uyğun seçilən çantadır”.
Bəzi valideynlər arasında belə bir tendensiya yaranıb ki, çanta mütləq ortopedik olmalıdır. Əziz Dəvrişov isə bu düşüncəni şişirdilmiş hesab edir.
“Fizioterapiya baxımından uşağın onurğa sağlamlığını qoruyan tək bir məhsul yoxdur. Əsas amillər düzgün çanta seçimi, çantanın düzgün taxılması (hər iki çiyində), lazımsız əşyaların daşınmaması və uşağın gündəlik fiziki aktivliyidir. Yəni məqsəd “ortopedik” sözünü almaq deyil, erqonomik və düzgün istifadə olunan çanta seçməkdir.
Fizioterapevt kimi yekun mesajım budur ki onurğanı qoruyan etiket deyil, erqonomik seçim və düzgün istifadə vərdişidir. Məktəbli çantası uşağa uyğun olmalı, yük bərabər paylanmalı və çanta hər zaman hər iki çiyində daşınmalıdır”,-deyə müsahibimiz sonda qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 27.08.2026
“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: “Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: “Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ
633191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































