Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

631917

Azərbaycanda doğumdan 12 saat ərzində uşağa Hepatit B əleyhinə (Hep B) peyvənd vurulur. 4–7-ci günlərdə BCG (vərəm əleyhinə) və OPV (poliomielitə qarşı) peyvəndləri edilir. 2 aylıqda Hib, OPV və pnevmokok (PK), 3 aylıqda Hib və OPV, 4 aylıqda isə Hib, OPV və pnevmokok (PK) peyvəndləri vurulur. 6 aylıqda pnevmokok (PK) peyvəndi tətbiq edilir. 12 aylıqda QPM (qızılça, parotit və məxmərək) peyvəndi və A vitamini, 18 aylıqda GDT (difteriya, göyöskürək və tetanus), OPV və A vitamini, 6 yaşında isə QPM, DT (difteriya və tetanus) və A vitamini verilir.

Ancaq peyvənd mövzusu daim valideynlər və həkimlər arasında müzakirəli mövzulardan biridir. Belə ki, bəzi valideynlər peyvəndləri uşaqların sağlamlığının qorunması üçün vacib hesab edir, digərləri isə peyvəndlərin mənfi təsirlərinin olduğunu deyirlər. Buna görə də peyvənd vurdurmaqdan imtina edənlər də az deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ


Maraqlıdır ki, peyvəndlərin uşağın immun sisteminə mənfi təsir göstərdiyi fikri nə dərəcədə doğrudur?

Körpəyə peyvəndlərin vaxtında vurulmaması hansı xəstəliklərə yoluxma riskini artırır?

Bizim.Media-ya mövzu ilə bağlı danışan həkim-pediatr Aytən Ziyadova vurğulayıb ki, peyvəndlərin immun sistemə mənfi təsir göstərməsi fikri elmi olaraq təsdiqlənməyib. Əksinə, vaksinlər immun sistemin xəstəlik törədən mikroorqanizmləri tanımasını və onlara qarşı effektiv müdafiə yaratmasını təmin edir:

“Peyvənd vasitəsilə formalaşan immunoloji yaddaş gələcəkdə həmin infeksiya ilə qarşılaşdıqda orqanizmin daha sürətli və güclü cavab verməsinə kömək edir.

Valideynlər bəzən peyvəndlərin uşağın immun sistemini yüklədiyini düşünürlər. Lakin müasir vaksinlər əvvəlki illərlə müqayisədə daha təmiz və spesifik antigenlərdən hazırlanır. Uşağın gündəlik həyatda qarşılaşdığı mikrobların sayı ilə müqayisədə peyvəndlərin immun sistemə yaratdığı təsir çox kiçikdir. Böyükmiqyaslı elmi araşdırmalar peyvəndlərlə autizm, immun pozğunluqları və inkişaf problemləri arasında əlaqə olmadığını göstərib”.

Valideyn peyvənd vurdurmaqdan imtina edərsə, uşaq gələcəkdə hansı sağlamlıq problemləri ilə rastlaşa bilər?
 

Həkimin sözlərinə görə peyvəndlərin gecikdirilməsi uşağı qorunmasız dövrə sala bilər. Xüsusilə qızılca, göy öskürək, Hib və pnevmokokk infeksiyaları erkən yaşlarda ağır fəsadlara səbəb ola bilər:


“Məsələn, qızılca dünyanın ən yoluxucu xəstəliklərindən biridir və qorunmaq üçün cəmiyyətdə yüksək peyvənd əhatəsi tələb olunur. Göy öskürək isə xüsusilə kiçik körpələr üçün təhlükəlidir; tənəffüs dayanması, pnevmoniya və ağırlaşmalarla nəticələnə bilər. Hib və pnevmokokk bakteriyaları meningit və sepsis kimi həyati təhlükəli vəziyyətlər yarada bilər. Hepatit B infeksiyası isə körpəlik dövründə yoluxduqda xroniki xəstəliyə çevrilmə riskini artırır”.

“Peyvənd yalnız bir fərdi qorumur”

Pediatr peyvənd cədvəli və onun önəmindən də danışıb:

“Peyvənd cədvəli təsadüfi hazırlanmayıb. Bu cədvəl uşağın immun sisteminin inkişaf mərhələləri və xəstəliklərin ən riskli olduğu dövrlər nəzərə alınaraq hazırlanır. Ana bətnindən keçən qoruyucu anticisimlər zamanla azalır və həmin dövrdə vaksinasiya uşağın öz müdafiə sistemini formalaşdırmağa kömək edir.
 

Peyvənd yalnız fərdi qorunma deyil, həm də cəmiyyət sağlamlığı üçün vacibdir. Çünki hər bir qorunan uşaq eyni zamanda yeni doğulmuş körpələri, immun sistemi zəif olan insanları və peyvənd üçün hələ yaşı çatmayan uşaqları da qoruyur”.


Aytən Ziyadova sonda qeyd edib ki, peyvəndlərin vaxtında və düzgün aparılması uşaqların sağlamlığını qorumağın ən effektiv yollarından biridir.

“Valideynlərin sualları və narahatlıqları tamamilə başadüşüləndir, lakin qərar verərkən sosial şəbəkə məlumatlarına deyil, elmi mənbələrə və uşağın fərdi tibbi vəziyyətini qiymətləndirən pediatr məsləhətinə əsaslanmaq vacibdir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO