İctimai nəqliyyatda avtobusların hərəkət intervalı sərnişinlərin gündəlik rahatlığına birbaşa təsir edir. Xüsusilə işə gedib-gələn və ictimai nəqliyyatdan mütəmadi istifadə edən vətəndaşlar üçün avtobusların vaxtında və müəyyən qrafik üzrə hərəkət etməsi önəmlidir. Hər gün eyni vaxtda avtobus gözləyənlər fərqli hərəkət cədvəli ilə rastlaşanda işə, dərsə, mənzil başına gecikirlər.
Son günlər 2 nömrəli marşrut avtobusunun əvvəlki dövrlə müqayisədə daha gec intervalla hərəkət etdiyi barədə sərnişinlər arasında narazılıqlar səslənir. Belə ki, avtobusun əvvəl təxminən 10 dəqiqə intervalla gəldiyi, hazırda isə gözləmə müddətinin artdığı bildirilir.
İyunun 9-da səhər sözügedən marşrut avtobusu “Nəriman Nərimanov” metrostansiyası dayanacaq məntəqəsinə (Dərnəgüldən - Avtovağzal istiqamətində) təxminən 20 dəqiqədən sonra gəlib.
Məsələ ilə bağlı “Bakubus” MMC-yə sorğu göndərərək 2 nömrəli marşrut üzrə hərəkət intervalında dəyişiklik olub-olmadığını və yay mövsümündə avtobusların hansı qrafiklə fəaliyyət göstərdiyini öyrənməyə çalışdıq.
Qurumdan Bizim.Media-ya bildirilib ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 22 avtobusla təmin edilir və xətt üzrə hərəkət 9 dəqiqəlik intervalla həyata keçirilir.
Qeyd edilib ki, Ağa Nemətulla küçəsi – Nəriman Nərimanov metrostansiyası dayanacaq məntəqəsində gözləmə müddəti ilə bağlı məsələ Monitorinq Mərkəzi tərəfindən araşdırılıb.
Aparılmış araşdırma zamanı qeyd olunan dayanacaq məntəqəsindən saat 08:20-də 77-JS-492, saat 08:28-də 77-JS-581, saat 08:46-da 77-JS-465 və saat 08:51-də 77-JS-463 dövlət qeydiyyat nişanlı avtobusların keçdiyi müəyyən edilib:
“Hazırda Əhməd Rəcəbli küçəsinin Şəki dairəsi istiqamətindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinin təşkili müvəqqəti olaraq dəyişdirilib. Nəticədə həmin küçənin Fətəli Xan Xoyski küçəsindən Şəki dairəsinə qədər olan hissəsində hərəkət ikitərəfli təşkil edildiyindən, xüsusilə pik saatlarda nəqliyyat sıxlığı yaranır və bu, 2, 11 və 24 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervala müəyyən təsir göstərir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:20 / 10.07.2026
2 nömrəli marşrutla bağlı narazılığa “Bakubus”dan CAVAB
Hazırda oxunan: 2 nömrəli marşrutla bağlı narazılığa “Bakubus”dan CAVAB
Hazırda oxunan: 2 nömrəli marşrutla bağlı narazılığa “Bakubus”dan CAVAB
624277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































