Yay aylarında havanın temperaturunun yüksəlməsi təkcə insanların sağlamlığına deyil, evdə saxlanılan dərmanlara da təsir göstərir. Düzgün şəraitdə saxlanılmayan bəzi preparatlar təsirini itirə, tərkibi dəyişə hətta istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər.
Bəs dərmanların yayda hansı şəraitdə saxlanmasına xüsusi diqqət yetirilməlidir?
Tibb üzrə ekspert Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirir ki, dərmanların saxlanma temperaturu onların tərkibindən asılıdır.
Bəzi dərmanların otaq temperaturunda, bəzilərinin isə yalnız soyuq şəraitdə qalması tələb olunur:
“Elə dərmanlar var ki, xüsusilə onkoloji preparatlar, insulin və tərkibində zülal olan bəzi dərmanlar yalnız soyuq şəraitdə saxlanmalıdır. Çünki zülal yüksək temperaturun təsirindən öz xüsusiyyətini itirə və dərman yararsız hala düşə bilər. Otaq temperaturunda saxlanmalı olan dərmanların da 20–25 dərəcədən yüksək temperaturda qalması düzgün deyil. Yüksək və ya uyğun olmayan temperatur dərmanın keyfiyyətinə mənfi təsir göstərə bilər”.
Ekspertin sözlərinə görə, dərmanın xarab olub-olmadığını bəzi əlamətlərdən anlamaq mümkündür.
O, vurğulayır ki, preparatın rəngində dəyişiklik yaranıbsa, ampulanın dibində çöküntü əmələ gəlibsə və ya məhlul əvvəlki görünüşünü itiribsə, həmin dərmandan istifadə etmək olmaz:
“Bu cür dəyişikliklərə əsasən daha çox tibb işçiləri diqqət yetirirlər. Lakin vətəndaşlar da dərmanın görünüşündə hər hansı fərqlilik müşahidə etdikdə ondan istifadə etməməlidirlər.
Bundan başqa, istifadə müddəti bitmiş dərmanların qəbulu qətiyyən yolverilməzdir. Həm istifadə müddəti keçmiş, həm də düzgün saxlanılmamış dərmanlar xüsusilə qaraciyər və böyrəklərə zərər verə bilər. Buna görə də dərmanların saxlanma şəraitinə və son istifadə tarixinə mütləq diqqət yetirilməlidir”, - deyə o, qeyd edir.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 10.07.2026
Evdə saxladığınız dərmanlar təhlükə yarada bilər – XƏBƏRDARLIQ
Hazırda oxunan: Evdə saxladığınız dərmanlar təhlükə yarada bilər – XƏBƏRDARLIQ
Hazırda oxunan: Evdə saxladığınız dərmanlar təhlükə yarada bilər – XƏBƏRDARLIQ
624276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































