Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Hazırda oxunan: Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

620146

Yaşlı valideynlərə qulluq məsələsi həm mənəvi, həm də hüquqi baxımdan cəmiyyət üçün mühüm mövzulardan biridir. Ailə münasibətlərində bu məsələ çox vaxt övladların vicdani məsuliyyəti kimi qəbul olunsa da, qanunvericilikdə də müəyyən öhdəliklər nəzərdə tutulur. Bəs, yaşlı valideynlərə qayğı və təminat öhdəliyi hüquqi baxımdan necə tənzimlənir və tərəflərin hüquq və vəzifələri hansı çərçivədə müəyyən edilir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı vəkil Emil Aslanov “demokrat.az”a bildirib ki, yetkinlik yaşına çatmış övladların valideynlərlə bağlı əlavə xərclərdə iştirakı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 83-cü maddəsi ilə tənzimlənir. 

“Yetkinlik yaşına çatmış övladlar əmək qabiliyyəti olmayan valideynlərini maddi cəhətdən təmin etmədikdə və valideynlər ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq göstərilməsi üçün kənar şəxslərin xidmətindən istifadə edilməsinə və bununla bağlı ödəniş edilməsinə ehtiyac yarandıqda, eləcə də digər müstəsna hallar mövcud olduqda, onlar məhkəmə qaydasında həmin vəziyyətlərdən irəli gələn əlavə xərclərin ödənilməsinə cəlb oluna bilərlər”.

Ekspert bildirib ki, yetkinlik yaşına çatmış övladların hər biri tərəfindən ödənilməli olan əlavə xərclərin məbləği və ödəniş qaydası məhkəmə tərəfindən müəyyən edilir. 

“Bu zaman valideynlərin və övladların maddi vəziyyəti, ailə şəraiti, sosial durumu və iş üzrə əhəmiyyət kəsb edən digər hallar nəzərə alınır. Həmin məsələlər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3–82.6-cı maddələrinin tələblərinə uyğun şəkildə tənzimlənir. Bununla yanaşı, əlavə xərclərin ödənilməsi qaydası və həmin xərclərin məbləği tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış sazişlə də müəyyən edilə bilər”.

Beləliklə, yaşlı valideynlərin maddi təminatı və qayğı hüququ qanunvericilik tərəfindən ciddi şəkildə qorunur.

Övladların mənəvi borcu sayılan bu məsələ hüquqi öhdəlik kimi cəmiyyətdə sosial məsuliyyəti artırır. Qanunun bu tələbi yaşlı şəxslərin çətin dövrlərdə dövlət və ailə tərəfindən müdafiə olunmasını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO