Azərbaycan qanunvericiliyinə əsasən, bəzi hallarda uşaqların saxlanılması üçün ödənilən alimentin məbləği azaldıla bilər. Bu müddəalar Ailə Məcəlləsində əks olunub.
Qanuna görə, alimentin məbləği tərəflərin ailə və maddi vəziyyəti, eləcə də digər mühüm hallar nəzərə alınmaqla məhkəmə tərəfindən azaldıla bilər.
Alimentin azaldılması üçün əsas sayılan hallar bunlardır:
ödəyicinin ağır maddi vəziyyətə düşməsi;
onun xəstəliyi;
həyat şəraitini ciddi şəkildə çətinləşdirən digər amillər.
Qeyd olunur ki, bu hallar mütləq şəkildə rəsmi sənədlərlə təsdiqlənməlidir.
Eyni zamanda, alimentin azaldılması üçün ödəyici əvvəlcə müvafiq ərizə ilə mediator qurumuna müraciət etməlidir. Əgər mediasiya prosesi nəticə verməzsə, o zaman məsələ ilə bağlı məhkəməyə iddia qaldırmaq mümkündür.
Sözügedən dəyişikliklər boşanmaların sayına təsir edə bilərmi?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Ana Vətən Partiyasının sədri, Millət vəkili Günay Ağamalı deyib ki, aliment öhdəliyinin müəyyən hallarda məhdudlaşdırılması məsələsi həssas yanaşma tələb edən mövzudur:

“Düşünürəm ki, burada əsas məqsəd yalnız ödəyicinin yükünü azaltmaq deyil, eyni zamanda ədalətli balansın qorunmasıdır. Boşanmaların sayına təsir məsələsinə gəldikdə isə, hesab edirəm ki, aliment mexanizminin sərtləşdirilməsi və ya yumşaldılması birbaşa boşanma statistikasını müəyyən edən əsas faktor deyil.
Ailələrin dağılmasının kökündə daha çox sosial-psixoloji səbəblər, qarşılıqlı anlaşmanın itməsi və dəyərlər sistemində baş verən dəyişikliklər dayanır. Aliment baş vermiş prosesin daha dəqiq desək boşanmanın hüquqi və sosial nəticəsidir.
Bununla belə, müəyyən hallarda alimentin məbləğinin obyektiv əsaslarla yenidən nəzərdən keçirilməsi ailə münasibətlərində gərginliyi müəyyən qədər azalda bilər. Xüsusilə də ödəyicinin ağır maddi vəziyyətdə olması, xəstəliyi və ya digər ciddi çətinliklərlə üzləşməsi nəzərə alınmalıdır. Bu, həm hüquqi ədalətin təmin olunması, həm də sosial narazılığın qarşısının alınması baxımından vacibdir”.
Müsahibimiz hesab edir ki, aliment ilk növbədə uşağın hüququdur:
“Bu hüququn qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və hər hansı dəyişiklik məhz bu prinsip üzərində qurulmalıdır. Məqsəd yaranmış vəziyyətdə ən həssas tərəfin yəni uşağın maraqlarını maksimum təmin etməkdir”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 22.04.2026
Alimentin azaldılması GÜNDƏMDƏ – Boşanmaların sayına da TƏSİR EDƏCƏK?
Hazırda oxunan: Alimentin azaldılması GÜNDƏMDƏ – Boşanmaların sayına da TƏSİR EDƏCƏK?
Hazırda oxunan: Alimentin azaldılması GÜNDƏMDƏ – Boşanmaların sayına da TƏSİR EDƏCƏK?
608444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































