Azərbaycan və Türkiyə generalları Naxçıvanda təlimləri izlədilər - VİDEO

Hazırda oxunan: Azərbaycan və Türkiyə generalları Naxçıvanda təlimləri izlədilər - VİDEO

40883

Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş atışlı mərhələsindən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev, Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci və müxtəlif qoşun növü komandirləri silahlanmaya yeni qəbul edilən hərbi-texniki vasitələrə baxıblar, səhra şəraitində müasir cihaz və avadanlıqlarla təmin edilmiş döyüşü idarəetmə məntəqəsi ilə tanış olublar.

Təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təliminə Əlahiddə Ümümqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Türkiyə Silahlı Qüvvələrinin bölmələri cəlb edilib.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsi, yaradılmış birgə qərargahlarda əməliyyatların planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, bölmələrlə qərargahlar arasında qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə suallar işlənilib.
Planla tanışlıqdan sonra təlimə start verilib.

Qeyd edək ki, sözügedən təlimlər Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO