“Qoz kimi” olan Əli Həsənovu Əbdürrəhman Vəzirov ilə nə birləşdirir? - REDAKSİYADAN

“Qoz kimi” olan Əli Həsənovu Əbdürrəhman Vəzirov ilə nə birləşdirir? - REDAKSİYADAN

Hazırda oxunan: “Qoz kimi” olan Əli Həsənovu Əbdürrəhman Vəzirov ilə nə birləşdirir? - REDAKSİYADAN

32035

Avqustun 9-u axşam saatlarında kütləvi informasiya vasitələrində prezidentin keçmiş ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun səhhətində problem yaranması ilə bağlı məlumatlar paylaşıldı. 

Bəzi media qurumları məsələ ilə bağlı Əli Həsənovun mövqeyini öyrənməyə çalışıb.

Saytlardan çoxunun zənglərinə cavab verməməyi üstün tutan Əli Həsənov yalnız bir sayta açıqlama verib. Prezidentin sabiq köməkçisinin cavabı isə birmənalı olub:

“Vəziyyətim qoz kimidir”. Hər zaman özünün mətbuata yaxınlığı ilə öyünən və hər sözə dərhal cavab verməyə tələsən Əli Həsənovun bu davranışı isə olduqca müəmmaldır.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovu həbsxanaya aparan yol - iftiraçı məmur obrazının arxasında nələr var


Qeyd edək ki, Əli Həsənov bir müddət öncə də ürək tutması ilə gündəmə gəlib və bu onun təcrübəsində ilk belə hal deyil. Hələ vəzifədə olduğu dövrdə belə Əli Həsənovun hansısa problemlərlə üzləşdiyi zaman dərhal ürəyini səbəb gətirdiyi və özünü xəstəliyə vurduğu məlumdur. O, məhz bu yolla özünü yazıq göstərməyə və vəzifəsini itirməmək üçün özünü sığortalamağa çalışırdı. Ancaq vəzifədən kənarlaşdırıldıqdan sonra Əli Həsənovu narahat edən problemlərin nə olduğu, media mənsublarına qarşı bu cür reaksiyasının səbəbləri qeyri-müəyyəndir.

Birincisi, Əli Həsənov uzun illər dövlətin mötəbər vəzifəsində çalışmış bir şəxsdir. İstər vəzifədə olduğu dövrdə, istərsə də vəzifədən uzaqlaşdırıldıqdan sonra mətbuatın diqqətində olması olduqca normal haldır və başa düşüləndir. Lakin Əli Həsənovun nə üçün narahat olduğunu və haqqında yayılan xəbərlərə bu formada etiraz etdiyini isə anlamaq çətindir.

İkincisi, Əli Həsənovun məlum açıqlaması onun jurnalistlərlə ünsiyyətdən və danışıq etikasından bixəbər olduğunu göstərir. Azərbaycan oxucusunun qarşısında “qoz kimi” ifadəsini işlətmək vaxtilə Əli Həsənovun dostu olmuş və canla başla müdafiə etdiyi Əbdürrəhman Vəzirovun “qoz” əhvalatını gündəmə gətirmək deməkdir. Media ilə ünsiyyətdə “Vəzirov ritorikası”ndan istifadə etməyə çalışan Əli Həsənov, deyəsən dövrün və yeni reallığın fərqində deyil. Uzun illər mətbuat sahəsini kurasiya edən bir şəxsin bu cür naşı davranışı onun tədricən əqli qabiliyyətlərini də itirdiyindən xəbər verir.

Üçüncüsü, Əli Həsənov mətbuata verdiyi açıqlamasında qeyd edir ki, onun səhhətinin pis və ya yaxşı olmasının heç kimə aidiyyatı yoxdur. Bu keçmiş dövlət məmuru üçün olduqca qəribə mesajdır. Əgər Əli Həsənovla bağlı məsələlərin heç kimə aidiyyatı yoxdursa, görəsən sabiq şöbə müdiri nə üçün facebook səhifələrindən düşmür və hər gün status yazaraq özünü göstərməyə çalışır?! 

Zaman və məkan anlayışlarını tamamilə itirən Əli Həsənovun hətta xəstə yatağında belə medianı yönləndirməyə, onlara nə olar, nə olmaz mövzusunu diktə etməyə çalışdığını müşahidə edirik. Deyəsən, Əli Həsənovun artıq prezidentin ictimai-siyasi məsələr üzrə köməkçisi vəzifəsini icra etmədiyini yaddan çıxarıb. Çünki əks halda “hərə ağzına gələni yazır” deməklə medianı təhqir etməyə və alçaltmağa çalışmazdı.  
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun mənimsədiyi əmlak müəmması - ARAŞDIRMA 


Siyasi fəaliyyətdən birdəfəlik kənarlaşdırılsa da daxilən özünü siyasi prosesdə hiss edən Əli Həsənov reallıqla barışa bilmir. Bu amil bəlkə də Əli Həsənovun “ürək tutmalarının” arxasında yatan əsas səbəbdir.

Şantajçı və reket mətbuatı yaradan, mətbuatı bu istiqamətlərə yönləndirən və jurnaslistləri oxşar əməllərə görə mükafatlandıran məhz Əli Həsənovun özü idi. Səhhətinin “qoz” kimi olduğunu bildirən sabiq şöbə müdiri deyəsən vəzifədə olduğu dövrdə Azərbaycan mətbuatını elə “çürük qoz” səviyyəsinə saldığından xəbərsizdir. 

Əslində baş verənlərə və mətbuatın onun səhhətinə qarşı bu cür həssas reaksiyasına görə Əli Həsənov  sevinməlidir. Çünki Əli Həsənova illər öncə əkdiyi ağacların meyvəsini elə sağlığındaca yemək qismət olur.  

Rəvan Əliyev,

Bizim.Media-nın Baş redaktor müavini 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO