Əli Həsənovun mənimsədiyi əmlak müəmması - ARAŞDIRMA 

Hazırda oxunan: Əli Həsənovun mənimsədiyi əmlak müəmması - ARAŞDIRMA 

8760

Xəbər verildiyi kimi Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov ucuz qiymətə özəlləşdirdiyi keçmiş “Kitab passajı”nı satışa çıxarıb. Söhbət Fontanlar bağının yanında, Nigar Rəfibəyli küçəsi-14 ünvanında yerləşən məşhur “Kitab passajı”ndan gedir.  

Sabiq şöbə müdiri sözügedən obyekti 3 milyon manata təklif etsə də hazırda real alıcının olmadığı vurğulanır. 

Əli Həsənovun KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin həbsindən dərhal sonra şəxsi obyektini ucuz qiymətə satışa çıxarması təsadüf deyil.

Mütəxəssislər böyük biznes şəbəkəsi olan bu obyektin 3 milyona satışa çıxarılması səbəbini Əli Həsənovun təcili obyektlərindən qurtulması ilə izah edirlər.

Bizim.Media sözügedən “Kitab passajı” ilə bağlı araşdırma aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Əli Həsənov dövlətin gənclər siyasətini darmadağın etdi” – Ramin Hacılı


Vaxtilə tarixi əhəmiyyət daşıyan, Azərbaycanda mədəniyyət beşiyi hesab olunan və xalqın bu sahədə maarifləndirilməsinə xidmət edən “Kitab passajı” 1906-cı ildə mesenat Orucov qardaşları tərəfindən açılıb.

Şəhərlərimizin əksər ziyalı təbəqəsi "Kitab pasajı"nın daimi müştərisi olub.

Oradakı "Tibbi ədəbiyyat" şöbəsi bir neçə həkim nəslini ixtisas kitabları ilə təmin edib. Dövlətin birbaşa balansında olan bu passaj Əli Həsənovun yaxınlarının adına simvolik qiymətə özəlləşdirilərək təyinatı dəyişib.

Özəlləşdirmənin formal və ya qanuni qaydada həyata keçirilməsi üçün müvafiq qurumların bu istiqamətdə araşdırmaları vacibdir. İstənilən halda tarixi əhəmiyyət kəsb edən və xalqla yanaşı turistlərə Azərbaycan mədəniyyətini tanıdan “Kitab passaj”ından indi həmin xidmət sarıdan əsər-əlamət qalmayıb.

Vaxtilə həmin passajda müxtəlif məşhur müəlliflərin kitabları, tanınmış rəssamların rəsm əsərləri, əl işlərindən ibarət sərgi və bəzək əşyaları nümayiş olunurdu. Şəhərin mərkəzinə səfər edən turistlərin bu passajda Azərbaycan mədəniyyəti barədə bütöv təsəvvürləri formalaşırdı. İndi həmin ərazidə kifayət sayda kafe, açıq restoran, çay evi və barlar fəaliyyət göstərir.

Hansı ki, əxlaqsız qadınlar xarici turistlərlə bu məkanlarda eyş-işrət məclisi qurur, gənc qız və oğlanlar ictimaiyyətin gözü qarşısında sulu qəlyanı reklam edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovu həbsxanaya aparan yol - iftiraçı məmur obrazının arxasında nələr var


Bir sözlə, şəhər mərkəzinin böyük bir hissəsini zəbt edən və nəhəng biznes şəbəkəsindən illərdir büdcəsini formalaşdıran Əli Həsənovun təcili passajı satışa çıxarması və obyekti dəyərindən ucuz qiyməyə təklif etməsi müəmmalıdır... 

Məlumat üçün bildirək ki, kitab mağazaları əvvəllər də həmişə müxtəlif dairələrin maraq dairəsində olub.

Məsələn, keçmiş Baş nazir Sürət Hüseynov "Kitab evi"ni Misir səfirliyinə verilməsi barədə sərəncam imzalasa da,  o vaxt Mətbuat və İnformasiya naziri vəzifəsində işləyən Sabir Rüstəmxanlının qəti mövqeyi sayəsində sərəncam icra olunmayıb. 

1994-cü ildə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı "Kitab evi"nin 2-ci mərtəbəsinin modalar atelyesinə verilməsi barədə xahiş məktubu göndərib. 

Həmin vaxtlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı kitab mağazasının yarısında kommersiya dükanı açmağa cəhd göstərib. 

Əhmədlidəki 9 saylı "Kitab evi"nin bir hissəsində Xətai İcra Hakimiyyətinin başçısı tərəfindən iki kommersiya mağazası yerləşdirilib. Bu cür faktlar çoxdur...

Hələ 1990-1992-ci illərdə kitab mağazalarının bir hissəsində ərzaq, geyim və digər xalq təsərrüfatı mallarının satılmasına cəhdlər olub. Sonralar nazirlikdə və "Azərkitab"da rəhbərlik dəyişdikdən sonra kənar müdaxilələr aradan qaldırılıb.

Ölkənin bütün rayon mərkəzlərində nümunəvi layihəyə uyğun tikilmiş 2 mərtəbəli "Kitab ev"lərinin yerində əsasən şadlıq sarayları fəaliyyət göstərir. Ümumiyyətlə, kitab mağazaları özəlləşdirildikdən sonra əksəriyyətinin yerlərində restoran, market, ofislər fəaliyyət göstərir.

Digər obyekt Fəvvarələr bağında, N.Rəfibəyli küçəsi 41 ünvanındakı kitab mağazasıdır. Bura uzun illər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Kitab evi" kimi fəaliyyət göstərib və yüksək səviyyədə təmir edilib. Bir müddətdən sonra isə kitab mağazası başqa fəaliyyət istiqamətinə keçib...

Ən acınacaqlı aqibət Bakı şəhəri F.Əmirov küçəsi 1 ünvanda yerləşən "Kitab ev"ində yaranıb. Hazırda mağazanın yalnız 50 kv.metrində kitab satılır.

Qalan sahələrdə müxtəlif yöndə fəaliyyət göstərən obyektlər yerləşir. Bu azmış kimi, 2-ci mərtəbənin bir hissəsi qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə çevrilib və mənzil kimi istifadə olunur.

Tanınmış rəssam Mir Teymur Məmmədov Bizim.Media-ya açıqlamasında bütün kitav evləri ilə yanaşı Əli Həsənovun satışa çıxardığı passajın da uzun illər dövlətin balansında olduğunu deyib:

“Şəhərin mərkəzində yerləşən bu obyektin gələcək imkanları çox böyükdür. Mərkəzdə olduğu üçün nəhəng biznesə malikdir. Həmin obyektin 3 milyona satışa çıxarılması çox azdır. Görünür, Əli Həsənov obyekti təcili satıb, pulunu cibinə qoymaq istəyir. Ağıllı adam passajı alsa, sadəcə qazanacaq. Təkcə əli Həsənov deyil, digər məmurlar da cürbəcür yollarla tarixi əhəmiyyət kəsb edən  xəzinəni dağıdıblar. 100 manatlıq obyekti 10 manata alıb, sonra da özəlləşdiriblər. İndi 10 manatlıq əmlaka Əli Həsənov 3 milyon manat əldə edəcək. Araşdırsaz görərsiz ki, nə qədər məmurlarımız dövlət əmlaklarını çox sakit şəkildə mənimsəyiblər və hamısı bi ailə kimi işləyiblər. Bu insanlarda patriot hissləri yoxdur, hamısı çaqqallardır. Kresloda yalnız dağıtmaq üçün oturublar. Məmurlar xalqın qulu olmalıdır. Çünki mən onu seçmişəm və pulunu verirəm...”.

Vəkil Fariz Namazlının sözlərinə görə məmurun dövlət əmlakını mənimsəyib sonra da satışa çıxarması istənilən halda məsuliyyət yaradır:

“Əvvəlcə qeyd olunan obyektin əsl sahibinin kim olduğu araşdırıılmalıdır. Dövlət əmlakıdırsa, onu yalnız dövlət orqanları satışa çıxara bilər. Hələ də dövlətin mülkiyyətindədirsə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və ya balansında olduğu qurum  bununla məşğul olmalıdır. Əgər Əli Həsənov obyekti satışa çıxarırsa, demək ki, özəlləşdirilib. Özəlləşmə prosesi qanunsuz həyata keçməyibsə, onu heç kim ittiham edə bilməz və istənilən qiymətə satışı həyata keçirə bilər. Amma özəlləşdirmədə qanun pozuntuları olubsa, o zaman onun satış etmək səlahiyyəti olmayacaq. Bunun üçün həmin özəlləşdirmə prosesinin qanunsuz aparılması ilə bağlı iddia qaldırılmalı və məhkəmə ilə sübuta yetirilməlidir”.

Vəkil məsələnin kökünə getməklə bu prosedurları müəyyənləşdirməyin mümkün olduğunu vurğulayıb:

“Özəlləşdirmə zamanı formal yaxud qanuni hərrac keçirilib? Hərracda kimlər istirak edib? Bu məsələlər dəqiqləşdirilməlidir. Əli Həsənovun özəlləşdirmə prosesində qanun pozuntularına yol verməsi müəyyən olunarsa, barəsində Cinayət Məcəlləsinin 179.4 maddəsi ilə (Dələduzluq yolu ilə özgə əmlakını mənimsəmə və ya israf etmə”) cinayət işi açıla və 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə bilər. 

Memar Zenfira Budaqova bu gün Azərbaycanda nəinki torpaqların, dövlətin balansında olan bütün obyektlərin məmurlar arasında bölündüyünü deyib:

“Əli Həsənov kimdir ki, vaxtilə dövlətin balansında olan və tarixi rol oynayan obyekti satır? O “Kitab passajı”na şəxsən özüm nə qədər kitablar bəxş etmişəm ki, lazım olanlar istifadə edə bilsinlər. O əmlak şəxsi ola bilməzdi və dövlətin mülkiyyətində qalmalı idi. Kim satıb, nə vaxt satıb, hansı qiymətə satıb, onu araşdırmaq lazımdır”,-deyə memar əlavə edib. 

Araşdırmalarımızdan o da məlum oldu ki, Fontanlar bağında yerləşən “Kirtab passajı” Mədəniyyət Nazirliyinin balansında olmayıb. 

Xatırladaq ki, iki gün əvvəl Əli Həsənovun himayəçisi KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib. Onun cinayətləri sırasında Əli Həsənova məxsus obyekti Fondun maraqlarına zidd olaraq çox yüksək məbləğə icarəyə götürməsi və nəticədə 9 il ərzində ora 812 min manat ödədiyi də üzə çıxıb.

Əli Həsənovun tələsik obyektlərini satışa çıxarması, növbəti dəfə onun həbs ediləcəyindən xəbər verir. 

Mövzunu diqqətdə saxlayacağıq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO