Xalqımız Xocalı faciəsinin növbəti ildönümünü böyük ürək ağrısı ilə yad edir. Xocalı bizim sağalmayan yaramızdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə vəhşi ermənilərin törətdiyi bu soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin faciəsidir. Hər il fevral ayında ölkəmizdə və xaricdə Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunur.
Bu il də Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirilir. Təəssüf ki, tədbir xatirinə tədbir keçirən bəzi qurumlar onun mahiyyətini dərindən dərk etmədən ciddi səhvlərə yol verirlər. Xocalı bizim elə bir dərdimizdir ki, onunla bağlı çıxış edəndə, söz deyəndə, yazı yazanda səhv etmək, yaxud gözümdən qaçıb demək günahdır.
Çoxları deyəcək ki, bu mövzunu ictimailəşdirməmək olardı. Ancaq belə bir məsuliyyətli məsələdə buraxılan səhvi görməzdən gəlmək olmur axı.
Fevralın 23-də Azərbaycan Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə universitetin rektoru Səadət Əliyeva çıxış edərək Xocalı faciəsi barədə danışıb. Rektorun o tədbirdə nə danışdığından xəbərimiz yoxdur. Ancaq universitetin yaydığı və rəsmi internet saytında yerləşdirdiyi məlumatda bildirilib ki, rektor Xocalı faciəsinin yanvar ayının 26-dan 27-ə keçən gecə baş verdiyini deyib. Bəlkə də gün deyil, ay səhvi olsaydı, bunu texniki səhv kimi qiymətləndirmək olardı. Ancaq bu məlumatda faciənin baş verdiyi həm ay, həm də gün səhv yazılıb. Bəlkə də rektor belə deməyib. Bəs o zaman bu məlumat niyə belə yazılıb? Gözdən qaçıb? Bu qədər məsuliyyətli bir mövzuya, xalqımızın qan yaddaşı ilə bağlı hadisəyə də bu qədər məsuliyyətsizcəsinə yanaşarlar?

Aradan iki gün keçməsinə baxmayaraq, bu ciddi səhv hələ aradan qaldırılmayıb. Buradan belə bir nəticə çıxır ki, ya Səadət Əliyeva başda olmaqla, universitetin məsul şəxsləri Xocalı soqırımının baş verdiyi tarixi bilmir, ya da tədbir xatirinə keçirilən bu tədbir onlar üçün qətiyyən maraqlı deyil. Odur ki, Xocalı soyqırımına həsr olunan tədbirin işıqlandırılması onların vecinə deyil. Rektor o qədər biganədir ki, rəsmi saytında dərc edilən mətndəki kobud səhvdən xəbəri yoxdur. Yox əgər öz işinə biganə deyilsə, deməli Xocalının tarixindən ümumiyyətlə məlumatlı deyil. Bu isə rüsvayçılıq və rəzillikdir.
Bizi sözün əsl mənasında təəccübləndirən, hətta medianın son vaxtlar dəbə saldığı sözlə ifadə etsək, şoka salan bu məlumatın bir sıra KİV-də eynilə yayımlanması oldu.
Azərbaycanın dövlət informasiya orqanları da daxil bir çox saytlar Azərbaycan Universitetində keçirilən tədbirdən yaydığı xəbərdə bu səhvi təkrarlayıb. Həmin informasiya orqanlarında yüzlərlə işçi çalışır. O zaman diqqətli oxucu mütləq soruşacaq: Bu adamlar orada nə işlə məşğuldurlar?




(Cahanpress.com)




































































































