“Tə(q)sir dairəsi”ndəki verilişlərimiz

“Tə(q)sir dairəsi”ndəki verilişlərimiz

Hazırda oxunan: “Tə(q)sir dairəsi”ndəki verilişlərimiz

182271

Mövzumuz onlardır. Yox, mövzumuz yenidən onlardır. Hətta deyərdim ki, mövzu yenə və yenidən onlardır. Televiziyalardakı ucuz və zərərli şou proqramlar, verilişlər. Zaman-zaman gündəmə gəlir, deyilir, yazılır, dad edilir, di gəl çarə tapılmır ki, tapılmır.

Bu gün deyilir bağlanacaq, səhər eşidirsən ki, yenə kiminsə arvadı qaçıb gəlib, Zaurun verilişindən ərinə barmaq silkələyir.

Elgiz yenə arvad- uşağı yığıb başına, “kəndin dəlisini” də tapıb, oyun çıxarır, Lalə yenə ölkə insanının ən lazımsız problemlərini öz təsirinin dairəsində fırladır, o biri Zaur elə yenə “həmin Zaurdu” ki, durub, dünya da vecinə deyil. Bir gün tik-tokda məşhur olan, sabah Zaurun verilişindədi, günorta ailəsini baltalayanın qonşuları axşamçağı Amilə “şok sirrlər” açıqlayır. Axşam həddi buluğa çatmamaış qızı qaçırıb özünə arvad edən, səhər ertədən Elgizin efirində “duvaq qapır”.

Balta demişkən, ölkəni silkələyən sonuncu hadisədə, bu verilişlərin hansından bir normal mövqe, yanaşma gördünüz?
Əslində belə anlarda televiziya verilişləri çəkindirici süjetlərlə, maarifləndirici reportajlarla hadisənin mənfiliklərini göstərib, cəmiyyəti bu kimi hadisələrdən uzaqlaşdırmağa xidmət etməlidir. Bizimkilər, namxuda, sanki hər aparıcı bir qab benzin alıb, oturub ocağın başında. Hərə bir tərəfdən ocağa benzin tökür...

Amma deyəsən bu dəfə daha ciddi baxılır məsələyə. Saytlar yazır ki, TV rəhbərləri bu verilişlərə görə Prezident Aparatına çağırılıb və onlarla lazımi söhbət aparılıb. Bilmirəm, bu lazımi söhbət yetərli olacaqmı ya yox. Açığı bilmirəm yox, inanmıram. Çünki problem çox kök atıb, özlərini haqlı göstərmək istəyən veriliş “yiyələri” bir xeyli “fakt- sübut” la silahlanıb, adi bir kəlmə etiraza görə istər ictimaiyyətin, istərsə də ziyalıların üstünə gəlməyə hazırdırlar. Əllərində də yep-yekə silahları var- verilişləri.

Onlar deyirlər ki, “biz bu ölkənin ən çox izlənən proqramlarıyıq.” “Ən çox izlənmə” deyəndə mənim ağlıma topa camaatın yığışıb ya bir davaya, ya hansısa avtoqəzaya baxmağı gəlir.

Küçədə gedən sakit adam kimsənin diqqətini cəlb etməz, amma cürbəcür səslər çıxararaq gedəndə ətrafdan hamı boylanır ki, görsün bu gedən kimdir? Normal geyim-kecimlə, səliqəli üst-başla adam içinə çıxan heç kəs təəccübə, marağa səbəb olmur, di gəl birisi ölkənin o başında evdən çölə çılpaq çıxsın, bu başında hər kəsin xəbəri olacaq.

Hə, indi nə deyirsiniz, çox izlənir deyə, hamı baxır deyə məhlənizdə hər gün dava olmağını istəyərsiz? Ətrafdakı hər kəs gəlib baxacaq deyə hansımız avtoqəza etmək istəyərik? Və ya Hansı ağlı başında adam diqqəti üstünə çəksin deyə evindən lüt çıxar çölə? Normal insan, ağlı başında olan adam bunları istəməz, izləməz. Elə onları da...

Onlar deyirlər ki, “Bu ölkədə ciddi veriliş, maarifləndirici proqram izlənilmir.” Xeyr, əsla. Əgər söhbət məhz şou-proqramdan gedirsə, son vaxtlar İTV-nin efirindən yayımlanan “Maska” şousunu misal göstərmək yetər.
(Hərçənd ki, dediyimiz verilişlərdən biri “maska “ söhbətini səhv başa düşdü, tanınmamaq üçün üzünü gizlətmək istəyən şəxsin maskasını canlı verilişdəcə çıxardılar. Bəlkə də elə çıxarılan o verilişlərin öz “maska”sı idi. Növbəti etiraz dalğası deyəsən elə bundan sonra başlandı.) Və ya yarışma proqramları. Az Tv-də, ARB-24-də gedən təhlil verilişləri, Az TV-nin yeniləşən aurasının fonundakı maraqlı verilişlər.

Belə verilişlərə baxanlar az deyil və əgər indiki sözügedən verilişlərin yerini də bu tip səviyyəli və maraqlı verilişlər alarsa, heç də pis olmaz. Hələ üstəgəl, xalqımızın illərdir həsrət qaldığı torpaqların videogörüntüləri, işğaldan azad olunmuş torpaqlara böyük qayıdışı əks etdirən videoproqramlar, 44 günlük Zəfər Savaşından bəhs edən sənədli filmlər, gələcəkdə çəkiləcək bədii filmlər və seriallar televiziyalardan yaynlanmağa başlasa, inanmıram ki, kimsə o gözəl görüntüləri qoyub, belə biyabırçılıqları izləyə.

Deyirlər bizim verilişlər reklamdır, müştəri gətirir, böyük-böyük şirkətləri, elə mənsub olduğumuz TV-ləri də biz saxlayırıq ayaqda. Vallah şişirtmədi, yalandı.

O verilişlərdən birinə bir həkim getmişdi. And-içib aman edirdi ki, bir aya filan qədər pul verdi klinika, mənə cəmi iki zəng gəldi. Zəng edənin biri 60 yaşlı qadın idi. Dostumuzsa uşaq cərrahı idi, el dili ilə desək sünnət-zad işinə baxan həkim. Yenə də başqa biri danışırdı ki, üç ay sərasər o verilişin qapısının çivini çıxardım. Deyir, bir də gördüm eləcə gedib bir küncdə oturub gəlirəm, vəssalam, heç bircə nəfərin zəngi də gəlmədi.

Dostumuz sonradan xəbərdar olub ki, sən demə, rəsmi müqavilə ilə ödənilən məbləğdən başqa, aparıcının cibinə də hər verilişdən öncə 1000-1500  “görüm-baxım” etmək lazımmış, veriliş ərzində bütün qalmaqallara qoşulmaq, vay-şüvən qoparmaq lazım imiş, verilişdən sonra da bu “qarnı dağılmışlara” (dostumuzun öz ifadəsidir) bahalı restoranlarda qonaqlıq vermək lazım imiş. Onda bəlkə...

Üstəgəl bizim bu “ölkənin ən məşhur verilişlərinin, ən məşhur aparıcılarının” ağzının əyləci də yox imiş. Verilişə çıxan bir həkim haqda reklam qanunvericiliyi ilə qadağan edilmiş sözlərdən istifadə edib, adamı necə “tərifləmiş”, “barıtı nə qədər qoymuşdu”sa, müvafiq orqanlar həmin o sponsoru məhkəməyə vermişdilər.
Cəriməsi də nə az, nə çox yüz min manatlarla ölçülürdü

Deyirlər biz əlçatan verilişlərik, hamının gələ biləcəyi, dərdini deyə biləcəyi platformayıq. Bax bunu düz deyirlər. Ölkənin ən ucqar kəndində ər öz arvadına “bu çay niyə soyuqdur” dedisə, arvad durub yığışır, bəzi vaxtlar körpə balalarını da götürüb gəlir “Gəl danış”a. Gəlmişkən də düşür “Təsir dairəsinə”, o tərəfdən də Zaurnan -Günay çıxıb buna deyir ki, “Bizimləsən”. Beləcə də bütün ölkə ərindən qaçan bir ananın və onun bir neçə körpəsini “Elgizlə izləyir”. Kişi yazıq da qalır kənddə, çayın heç soyuğunu da verən olmur. Yemək də tapmır yeməyə, di gəl abırına qısılır, dinmir. Girir evə çıxmır ki, birdən bu yazığı da tututb gətirərlər, arvadı ilə dalaşdırıb reytinq qazanarlar. Budur “əlçatan”lıqlarının xeyiri...

Yaxşı, bəs çıxış yolu? Mənə qalsa, belə məsələlərdə  “dövlət baba” öz sərt üzünü göstərməlidir. Demirikmi dövlət özü də bir ailədir? Hansımızın ailəsində ata gəlib görsə ki, balaca uşaqlar zərərli verilişə, lazımsız bir proqrama baxır, üzünü çevirib gedər? Əlbəttə ki, heç birimizin. Bəs niyə dövlət babanın sərt üzünü göstərməyinə qeyri-adi bir hal kimi yanaşırıq. Qoy “ailə başçısı” kanalı dəyişsin.
Lazım gələrsə hətta bir müddətlik “televizoru söndürsün.” Narahat olmaqlıq bir şey yoxdur. Bundan daha pis heç nə olan deyil. Ona qalsa minlərlə qadağan olunmuş, şeylər var ki, açıb buraxsan bu verilişlərdən də çox populyar olar. Yüzlərlə zərərli qidalar, məhsullar var ki, bu dəqiqə qadağasını götürsən, dünyanı başına götürər. Məgər hər maraq göstərilən, populyar olan nəsnə xeyrilidir ki? Əksinə...

Çingiz Özgür

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO