“Streotiplər qadın hüquqlarına mənfi təsir göstərir” - KOMİTƏ

“Streotiplər qadın hüquqlarına mənfi təsir göstərir” - KOMİTƏ

Hazırda oxunan: “Streotiplər qadın hüquqlarına mənfi təsir göstərir” - KOMİTƏ

165962

Bu gün əksər ölkələrdə qadınlar ictimai həyatda mühüm rola malikdirlər. Qadınların müxtəlif sahələrdə bacarıq və qabiliyyətlərini reallaşdırmaq imkanları xeyli genişlənib. Azərbaycan qadınının da cəmiyyət həyatında rolu güclənir və şübhəsiz öz ağlı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur.

Amma ölkəmizdə də qadınlarımızın hüquqları az pozulmur. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və Gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova bildirib ki, Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir:

“Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib. Lakin bir sıra ictimai normalar, adətlər gender bərabərliyinin təmin edilməsinə əngəl yaradır. 

Azərbaycan cəmiyyətində məhz kişi və ya məhz qadın davranışı, maraqları, şəxsi keyfiyyətləri haqqında tarix boyu formalaşmış bəzi təsəvvürlər hələ də mövcuddur.  Bundan ən çox əziyyət çəkən isə qadınlar və uşaqlardır. Bu stereotiplər qadınların insan hüquqlarının, əmək hüquqlarının, reproduktiv hüquqlarının pozulmasına, məişət zorakılığı və erkən nikah hallarının artmasına, qadınların təhsildən yayınmasına, inkişafına, məşğulluğunun azalmasına, ailə planlaşdırılmasına mənfi təsir göstərir”.

Sevinc Məmmədova qeyd edib ki, erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri, selektiv abortlar ümumən dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən amillərdir və bu problemlər ölkəmizdə də mövcuddur:

“Mütəmadi olaraq aparılan maarifləndirmə işləri, profilaktik tədbirlərə baxmayaraq hələ də erkən nikah problemi qalmaqdadır. Dünyada milyonlarla uşaqlar hər il bu zorakılığın qurbanı olurlar. Erkən nikahların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 213 saylı Qərarı ilə təsdiq edilən “Gənclər arasında ailə və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair Qaydası” qəbul edilib. 

13 dövlət qurumu və bütün yerli  icra hakimiyyəti orqanları bu qaydaya uyğun olaraq tədbirlər həyata keçirirlər. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün  ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. 

Məişət zorakılığı ailədə böyüyən boya başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir. Zorakılığın şahidi olmuş körpələrin sağlamlığı ilə yanaşı, davranışında da problemlər ortaya çıxır”.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, streotiplər çoxaldıqca qadınların hüquqları pozulur:

“Cəmiyyətdə müəyyən mənada qadınlara qarşı streotiplər bir az da qatılaşıb. Qanunu bilən qadınlar üçün irəli getmək imkanları böyükdür. Çünki onlar araşdırır, öz üzərində işləyir, potensialını artırırlar. Lakin istənilən halda, cəmiyyət qadının üzərinə böyük yük qoyur. Hələ də sözügedən streotiplər imkan vermir ki, qadın sərbəst qərar qəbul edə bilsin. 

Aidiyyatı qurumlar əhali ilə işləməlidir. 

Qadınların bərabər imkanlardan bəhrələnməsi üçün, nəinki  Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi də bu istiqamətdə aktiv çalışmalıdır. Həmçinin QHT-lərin bu mövzuda gücünü artırmaq lazımdır”.

Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransıdakı çıxışında qeyd etmişdi ki, Azərbaycanda qadın hüquqlarının təmin olunması, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO