BİZİM TƏQVİM: 13 iyunda dünyada nələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 13 iyunda dünyada nələr baş verib?

141087

13 iyun 1796-cı ildə Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçiriblər. Amma işğal uzun çəkmədi və II Yekaterinanın ölümündən sonra taxta çıxan oğlu I Pavel ordunu geri çağırdı. Ruslar 1797-ci ilin martında Bakını tərk etdilər. Bir neçə ildən sonra (1804) Rusiyanın Azərbaycana növbəti və bu dəfə uzunmüddətli işğalçılıq yürüşü başladı.

Bəs, iyunun 13-də dünyada daha hansı hadisələr baş verib?

1.13 iyun 922-ci ildə İdıl bulqarları İslamı rəsmi dövlət dini kimi qəbul etməsinə həsr olunmuş mərasim keçirilib.

2. Osmanlı dövrünün məşhur adlarından olan memar Sinanın şah əsərlərindən biri – İstanbuldakı Süleymaniyyə məscidinin təməli 1550-ci ilin 13 iyun tarixində atılıb.

3. 1859-cu ildə Çeçenistanın Rusiya tərəfindən işğalı başa çatıb. Buna baxmayaraq bütün Qafqaz bölgəsində Rusiyaya qarşı milli azadlıq mübarizəsi davam edirdi. Həmin il iyunun 13-də Qafqaz müsəlmanlarının imamı Şeyx Şamil xəyanət nəticəsində əsir alınıb. 

4. 1891-ci ilin 13 iyununda İstanbul Arxeologiya Muzeyi açılıb. Bu muzey müxtəlif mədəniyyətlərə aid milyondan artıq qiymətli əsərlə dünyanın ən böyük muzeyləri arasında yer alır.

5. 13 iyun 1892-ci ildə Rusiya imperiyasında, Kiyevdə ilk dəfə elektrik tramvay istifadəyə verilib.

6. 13 iyun 1928-ci ildə Türkiyə cümhuriyyəti ilə “Düyunu Ümumiye”, yəni “Osmanlı borc verənləri” arasında müqavilə imzalanıb.

7. 1943-cü ilin bu günündə iki faşist lider Adolf Hitler və Mussolini İtaliyada bir araya gəliblər.

8. 13 iyun 1934-cü ildə Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlayıb. İyunun 17-dək davam edən qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək yazıçılar ayrı-ayrı ədəbi birliklərdə fəaliyyət göstərirdilər.

9. 1942-ci ilin bu günündə ABŞ Prezidenti Franklin Ruzvelt Strateji Xidmətlər İdarəsinin yaradılması haqqında qərar qəbul edib. Hazırda fəaliyyət göstərən Mərkəzi Kəşfiyyat İdarəsi Strateji Xidmətlər İdarəsinin əsasında yaradılıb.

10. 1966-cı il 13 iyunda Vatikanda Roma papasının qərarı ilə “Qadağan olunmuş kitabların siyahısı” ləğv edilib. Qeyd edək ki, bu siyahı 1557-ci ildən yazılırdı.

11. 1972-ci ildə fəzaya buraxılan “Pioneer 10” kosmik gəmisi 1983-cü ilin 13 iyununda Neptun orbitindən keçərək günəş sistemi xaricinə çıxan insan istehsalı ilk vasitə olub. Kosmik gəmi 1997-ci ilə qədər olduğu kosmosdan məlumatları Yer kürəsinə göndərirdi.

12. 13 iyun 1992-ci ildə Azərbaycan SQ-ə məxsus Su-25 döyüş təyyarəsi Əsgəran yaxınlığında Ermənistan SQ tərəfindən vurulub.

13. 2000-ci ilin 13 iyununda Papa ll Pavelə sui-qəsd üstündə tutulan və İtaliyada həbsxanada olan Mehmet Ali Ağca Türkiyəyə qaytarılıb.

14. 13 iyun 2018-ci ildə Qaradənizi Şərq və Cənubi-Şərqi Anadolu bölgəsinə birləşdirən 2640 yüksəklikdə olan Ovit tuneli açılıb. 14 min 300 metr olan Ovit tuneli Avropanın ikinci ən uzun yol tuneli sayılır.

13 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. İngilis fiziki, həkim və astronomu Tomas Yanq 1773-cü ilin bu günü dünyaya gəlib.

2. İngilis fiziki, klassik elektrodinamikanın banisi, statistik fizikanın yaradıcılarından biri Ceyms Maksvell 1831-ci il 13 iyunda dünyaya gəlib.

3. Türkiyə ədəbiyyatının görkəmli yazıçısı Hüseyn Cemil Meriç 1987-ci ilin bu günü 71 yaşında dünyasını dəyişib. (1916-1987)  

4. Azərbaycan polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Nadirov 1982-ci ilin bu günündə dünyaya gəlib.

5. Azərbaycan mayoru, Milli Qəhrəman Antoni Davıdoviç 1992-ci ilin bu günündə qəhrəmancasəna həlak olub.

6. Azırbaycanlı polkovnikŞ Milli Qəhrəman Şikar Şikarov 13 iyun 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO