AİLƏ MƏHKƏMƏLƏRİ: Dağılmaqda olan ailə institutuna necə yardım edə bilərik?

AİLƏ MƏHKƏMƏLƏRİ: Dağılmaqda olan ailə institutuna necə yardım edə bilərik?

Hazırda oxunan: AİLƏ MƏHKƏMƏLƏRİ: Dağılmaqda olan ailə institutuna necə yardım edə bilərik?

117035

Hər gün eşitdiyimiz, saytlarda, televiziyalarda şahidi olduğumuz ailə münaqişələri bir daha göstərir ki, ailə institutu özünün ən ağır günlərini yaşayır. Kişi xəyanətləri ilə yanaşı qadınların da son zamanlarda bu hadisədə böyük rol alması bəlkə də artıq SOS təbilinin çalınmasının zəruriliyini bildirir.

Bəs cəmiyyətin bu girdabdan xilas edilməsi üçün hansı müvafiq addımlar atılmalıdır? Hüquqi addımları nəzərə alsaq, xüsusilə ailə işlərinə baxan, ixtisaslaşmış “Ailə məhkəmələri” yaradıla bilərmi?

Vəkil Babək Həmidov Bizim.Media-ya mözvu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə artıq ailə məhkəmələrinin yaradılmasına zərurət var və qeyri-ixtiyari də olsa bu proses baş verir:

“Qeyri-ixtiyari də olsa nəticə etibarilə 1-ci instansiya məhkəmələrində artıq bir neçə hakim ailə məsələlərinə, digərləri isə cinayət və digər məsələlərlə baxır. İxtisaslaşma demək olar ki, hazırda hakimlərin iş bölgüsündə özünü büruzə verir. Amma bu peşəkar ixtisaslaşma və xüsusi məhkəmə deyil.

Birinci instansiya- yəni rayon, şəhər məhkəmələrinin baxdıqları işlərin həcmi həddindən artıq böyükdür. Onlar həm mülki, ailə işləri, həm də böyük ictimai təhlükə törətməyən - az ağır hesab edilən işlərə baxırlar. Həmçinin bank, kommersiya məsələləri də buraya daxildir.

Və mən hesab edirəm ki, artıq rayon, şəhər məhkəmələrinin iş yükünün azaldılması məqsədilə, o cümlədən ailə münasibətləri probleminin daha peşəkar hüquqi həllinin aparılması üçün pilot layihə olaraq bir neçə rayon üzrə ailə məhkəmələri yaratmaq və orada ailə hüquqi problemlərinin ixtisaslaşmış hakimlər tərəfindən işə baxılması təmin oluna bilər. Ən azından pilot layihə şəklində həyata keçirib nəticələrinə uyğun addım atmaq məqsədəuyğundur”.

Vəkil həmçinin sözügedən məhkəmələrin dağılmaqda olan ailələrə edəcəyi təsirdən də söz açıb:

“Həmin məhkəmələrin dağılmaqda olan ailələrin bütünlüyünü qoruyub saxlamaqda effektiv olması məsələsinə gəldikdə isə düşünmürəm ki, böyük rolu olsun. Sadəcə nikahın pozulması zamanı uşaqların yaşayış yerinin müəyyən olunması, onların maraq və mənafelərinin dövlət tərəfindən tərəfindən təmin olunması, qadın hüquqlarının o cümlədən əmlak məsələlərinin ixtisaslaşmış və peşəkar məhkəmələr tərəfindən baxılması işlərin ədalətli həllinə kömək olacaq”,- deyə qeyd edən B.Həmidov həmçinin Mediasiya şurasının bu istiqamətdə apardığı işlərin də uğurlu olduğunu bildirib:

“Ailə institutunun qorunub saxlanması üçün isə hesab edirəm ki, dövlət qabaqlayıcı tədbirlər görməlidir. Məsələn ailə qurulana qədər və ailə münasibətlərində olan şəxslərin psixoloji yardıma, ailə terapiyalarına yönləndirilməsi mümkündür. Artıq mediasiya haqqında qanun və Mediasiya şurası sözügedən problemlərin həlli istiqamətində effektiv işlər aparır”.

Səkinə Yusibli, Bizim.Media

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO