Şəkinin bu ucqar kəndində hamı 2023-cü ili gözləyir – TƏFƏRRÜAT

Şəkinin bu ucqar kəndində hamı 2023-cü ili gözləyir – TƏFƏRRÜAT

Hazırda oxunan: Şəkinin bu ucqar kəndində hamı 2023-cü ili gözləyir – TƏFƏRRÜAT

101414

1200 nəfər sakinin yaşadığı Baş Şabalıd kəndi rayon mətkəzindən 40 km-məsafədə yerləşir. Dörd tərəfi dağlarla əhatələnən kəndi şəhərlə bağlayan tək bir yol var ki, o da Quru çay üzərindən keçir. Amma... 

Amması budur ki, iki ilə yaxındır Quru çay üzərindəki su ötürücü körpünü sel-sular dağıdıb və sakinlər hər yaz və payız aylarında yağışlar başlayan kimi şəhərlə əlaqələri kəsilir. İki ildir sakinlərə söz, vəd verilir lakin ortada bir nəticə yoxdur. Bu kənddə hamı ümidini 2023-cü ilə bağlayıb.

Kənd sakini Akif Abdullayev bildiri ki, bu çayın adı Quru çaydı amma yağış yağanda, leysan tökəndə Quru çay yox ən güclü daşqın çaylardan biri hesab olunur:

“Təqribən iki il qabağa bu yol dağılıb, sel nəticəsində. Şəkinin rəhbər vəzifəli bütün insanları , əlaqədar qurumlar gəldilər, baxdılar və dedilər ki, bir az müddətə həll olunacaq. Sonradan gəlmədilər, fikir verən olmadı. Bu günə kimi də fikir verən yoxdu.
Bu günlərdə yağan leysan yağışlarından sonra burda maşınlar növbəyə düzülmüşdü. Hətta xəstələri varmış, təcili yardıma zəng ediblər, maşın gəlsə də çayı keçə bilməyib. Nəticədə xəstəni atla o taya keçiriblər”. 

Sakinlər deyir ki, artıq ümidimizi yerli qurumlardan üzmüşük, 2 ildir eyni yalanları dinləyirik. Digər maraqlı fakt ondan ibarətdir ki...

Bu barədə isə kənd sakini Ağasəf Gülüyev danışır:

“Neçə illər bundan qabaq, bu yolun gərgin vaxtlarında, əhalinin əziyyət çəkdiyi illərdə biz rayon rəsmilərinə müraciət etdik, primitiv bir körpü qoyulmasını xahiş etdik. Rayon rəsmiləri bildirdilər ki, narahat olmayın, burda 54 metr uzunluqda, 6 aşırımlı körpü layihəsi hazırlanıb və bu körpü üzərindən də asfatlaşma başa çatacaq. Amma nə baş verdi? Bu qutu qapağı dediyimiz su keçiricini qoydular vəssalam. Layihə əsasında rəsmən təsdiqlənən 54 metrlik körpüyə ayrılan həmin vəsaiti isə kimlərsə taladılar”.

Baş Şabalıd kənd sakinləri deyir ki, o boyda körpünü həzmi-rəabeyələrindən keçirən bəzi məmurlar indi halımızla heç maraqlanmırlar da.

Kənd sakini Mahir Qədimlinin sözlərinə görə, hər il çaya sel gələndə kəndin başı ilə ayağı əlaqələri itirir:

“Demək olar ki, Şabalıd kəndininin bütün rayonla, Göynüklə, idarəçilklə, kənd soveti, bələdiyyə, hamısı ilə əlaqə üzülür. Bundan başqa, kiminsə xəstəsi olur, kənd yeridir, bir ağacdan, biri atdan yıxılır, qıçı sınır, yəni bu kənddən çıxış-giriş müşkülə dönür”. 

Problemin detalları ətrafında kənd bələdiyyəsinin sədr müavini İslam Bəkirovla söhbətləşdik. İslam Bəkirov deyir ki, elə mən də o 1200 nəfərdən biri, nə edə bilərəm ki? Bu çayın öhdəsindən çətin gəlmək olur:

“Uzun vədlərdən sonra balaca suötürücü tikdilər. 100 metrdən çox eni olan dağ çayına bu ötürücü nə eəd bilər ki? Bələdiyyə olaraq biz də o vaxt sözümüzü dedik. Söz verdilər ki, səbrli olun, düzələcək. Buyurun, sel gəlib dppədüz düzəldib”
Bələdiyyə sədrinin müavinin onu da bildiri ki, bu günlərdə icra nümayəndəliyinə məktub gəlib ki, 2023-ci ildə kənd üçün yeni körpü inşa olunacaq. 

İndi kənd sakinləri 2023-cü ilin tez gəlməsini gözləyirlər. Başqa bir yol da qalmayıb, nə kəndə giriş-çıxış, nə də problemin həlli üçün.

Mövzunu diqqətdə saxlayacağıq.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO