
- A-
- A
- A+
İrəvanda konstitusiya düyünü: Paşinyan yenidən parlament seçkilərinə gedir?
Ermənistanda sülh gündəliyi və konstitusiya dəyişikliyi ətrafında yaranan siyasi gərginlik yeni mərhələyə qədəm qoyub.
Belə ki, Hazırda parlamentdə Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” partiyasının 64 deputatı var. Yeni Konstitusiya layihəsini referenduma çıxarmaq üçün isə qanunvericiliyə əsasən, azı 70 deputatın səsi tələb olunur.
Müxalifətin prosesi boykot etməsi fonunda sülh sazişinin imzalanması üçün zəruri hesab edilən konstitusiya dəyişikliyinə nail olmaq istəyən Baş nazir növbədənkənar seçkilərə getməyə məcbur qala bilər.
Lakin Nikol Paşinyanın son açıqlamaları göstərir ki, o, hələlik seçki ssenarisinə üstünlük vermir. Əksinə, o parlamentdəki səs çatışmazlığını siyasi təzyiq vasitəsinə çevirməyə, müxalifəti öz meydanında sıxışdırmağa çalışır.
Sülhün əsas şərti və “Real Ermənistan” doktrinası
Azərbaycanın yekun sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərt Ermənistan Konstitusiyasından ölkəmizin ərazi bütövlüyünə qarşı iddialara hüquqi-siyasi zəmin yaradan müddəaların, xüsusilə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır.
Paşinyan da artıq mövcud Konstitusiyanın Ermənistanın gələcək inkişafı və sülh siyasəti ilə uzlaşmadığını etiraf edir. Noyabrın 19-da parlamentdəki hökumət saatında çıxış edən Baş nazir hazırkı “Əsas Qanun”u “münaqişəyə xidmət edən məntiq” üzərində qurulmuş sənəd kimi xarakterizə edib.
Onun sözlərinə görə, yeni Konstitusiya “Real Ermənistan” ideologiyasına əsaslanmalıdır. Bu yanaşmanın mahiyyəti Ermənistanı tarixi iddialar və qonşu dövlətlərlə münaqişələr üzərindən deyil, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcud olan suveren dövlət kimi təsbit etməkdir.
Paşinyan həmçinin bildirib ki, noyabrın 23-də ictimaiyyətə təqdim olunması gözlənilən ilkin layihə sonradan müzakirələr və təkliflər əsasında təkmilləşdirilə bilər. Ancaq sənədin ideoloji əsasları dəyişməyəcək və heç bir halda Müstəqillik Bəyannaməsinə istinadın bərpasına imkan verilməyəcək.
Burada diqqətçəkən məqam odur ki, Paşinyan konstitusiya islahatını təkcə Azərbaycanla sülh münasibətlərinin qurulması üçün zərurət kimi deyil, Ermənistanın dövlətçilik fəlsəfəsinin dəyişdirilməsi kimi təqdim edir.
Referendum əvəzinə istefa vədi
Paşinyanın qarşısındakı əsas problem isə siyasi iradədən daha çox parlament riyaziyyatı ilə bağlıdır. 7 iyun 2026-cı ildə keçirilmiş növbədənkənar parlament seçkilərində “Vətəndaş Müqaviləsi” 49,75 faiz səslə qalib gəlsə də, 105 yerlik parlamentdə cəmi 64 mandat əldə edib. Müxalifət düşərgəsində “Güclü Ermənistan” alyansının 29, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” alyansının isə 12 deputatı təmsil olunur. Beləliklə, hakimiyyətin konstitusiya referendumuna nail olmaq üçün daha 6 səsə ehtiyacı var.
Məhz bu məqamda Paşinyan müxalifətə siyasi baxımdan kifayət qədər cəsarətli, eyni zamanda hesablanmış təklif irəli sürüb. O, müxalifətin əsas məqsədinin hakimiyyəti dəyişmək olduğunu xatırladaraq, referendumun keçirilməsinə dəstək müqabilində öz siyasi gələcəyini riskə atmağa hazır olduğunu bəyan edib.
Təklifin şərtləri belədir:
- Xalq “yox” deyərsə: Referendumda yeni Konstitusiya rədd edilərsə, Paşinyan nəticələrin rəsmən elan olunmasından sonra bir həftə ərzində istefa verəcəyini vəd edir.
- Xalq “hə” deyərsə: Yeni Konstitusiya qəbul olunarsa, Paşinyan növbəti parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürməyəcəyini bildirir.
Beləliklə, Baş nazir müxalifətin qarşısına iki alternativ qoyur: ya referendumun keçirilməsinə imkan yaratmaq, ya da hakimiyyətin legitimliyinə dair iddialarını xalqın qarşısında sınağa çəkmək.
Ancaq müxalifət bu təklifi qəbul etməyib. “Ermənistan” alyansının deputatı Kristine Vardanyan hakimiyyətlə siyasi hakimiyyətin təhvil verilməsi barədə razılaşma aparmayacaqlarını bildirib. “Güclü Ermənistan” alyansının nümayəndəsi Tiqran Abramyan isə Konstitusiyanın Azərbaycanın tələbi ilə dəyişdirilməsinə qarşı olduqlarını vurğulayıb və küçə etirazlarını da istisna etməyib.
Paşinyan niyə tələsmir?
Mövcud mənzərə onu göstərir ki, Nikol Paşinyan hazırkı mərhələdə növbədənkənar parlament seçkilərinə getməkdə maraqlı deyil. Bunun bir neçə səbəbi var.
İlk növbədə, 2026-cı ilin iyununda keçirilmiş seçkilərdən cəmi bir neçə ay sonra yenidən seçki prosesinə başlamaq siyasi sabitliyə zərbə vura bilər. Üstəlik, son seçkilərdə əldə edilmiş 49,75 faizlik nəticə Paşinyana parlament çoxluğu qazandırsa da, konstitusiya islahatını təmin edəcək 2/3 səs çoxluğunu verməyib. Yeni seçkilərdə hansı nəticənin əldə olunacağı da qeyri-müəyyəndir.
İkinci məqam isə sülh prosesidir. Yeni seçki kampaniyası isə bu prosesi uzada, daxili siyasi qarşıdurmanı daha da dərinləşdirə bilər.
Digər tərəfdən, Paşinyanın hazırkı strategiyası müxalifəti siyasi baxımdan çətin vəziyyətə salmağa hesablanıb. O, referendumun qarşısını alan tərəfin sülh prosesinə mane olduğu barədə ictimai rəy formalaşdırmağa çalışır. Hətta noyabrın əvvəlində parlament müxalifətinin konstitusiya təşəbbüsünü bloklaması halında cəmiyyətdə ona qarşı təzyiqin yaranacağını və hakim partiyanın bu prosesə rəhbərlik etməli olduğunu bildirmişdi.
Seçki ssenarisi hələ də masadadır
Bütün bunlara baxmayaraq, növbədənkənar seçkilər ehtimalını tamamilə istisna etmək olmaz. Paşinyan oktyabrın 22-də də parlamentdəki maneələrin aradan qaldırılmadığı təqdirdə yeni seçkilərin mümkün variantlardan biri olduğunu açıqlamışdı.
Əgər hakimiyyət müxalifət düşərgəsindən tələb olunan 6 səsi əldə edə bilməsə, qarşısında iki əsas yol qalacaq: ya siyasi təzyiq və ictimai kampaniya vasitəsilə müxalifəti geri çəkilməyə məcbur etmək, ya da parlamentin yenidən formalaşdırılması üçün seçkilərə getmək.
Lakin Paşinyanın son gedişi göstərir ki, o, hələlik ikinci variantı deyil, birincini sınaqdan keçirir. Baş nazir öz istefasını və gələcək siyasi karyerasını referendumun nəticəsi ilə əlaqələndirməklə həm müxalifətin iddialarını yoxlamağa, həm də cəmiyyəti konstitusiya dəyişikliyinin zəruriliyinə inandırmağa çalışır.
Paşinyanın növbədənkənar seçkilərə gedib-getməyəcəyi isə ilk növbədə bu siyasi manevrin nə dərəcədə uğurlu olacağından asılıdır.
Bizim.Media-nın analitik qrup
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































