Ötən cümə günü Yaxın Şərqin tarixində müdafiə sahəsində mühüm addım atılıb. Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Krallıqda Məkkə şəhərinin Əl-Səfa sarayında birgə müdafiə haqqında sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif imzalayıblar.
Tərəflərin yaydığı birgə bəyanatda qeyd olunub ki, bu sənəd Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasındakı qədim tarixi əlaqələrə, onları birləşdirən qardaşlıq və islam həmrəyliyi bağlarına, ortaq strateji maraqlara və müdafiə sahəsində çoxillik əməkdaşlığa əsaslanır.
Bildirilib ki, saziş üç ölkənin birgə təhlükəsizliyin möhkəmləndirilməsini davam etdirmək, həm regionda, həm də onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək niyyətini əks etdirir.
Sənəddə ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.
Bəs bu sazişin imzalanmasını zəruri edən səbəblər hansılardır? Yaxın Şərqdə təhlükəsizlik balansı necə dəyişəcək?
Bizim.Media bu və digər suallara cavab tapmaq üçün sabiq xarici işlər naziri Elmar Məmmədyarovla həmsöhbət olub.
Həmin müsahibəni təqdim edirik:
- Elmar müəllim, "Məkkə Müdafiə Sazişi" hansı zərurətdən meydana çıxdı?
- Mən sənədin mətni ilə tanış deyiləm. Amma səslənən açıqlamalardan aydın olur ki, "Məkkə Müdafiə Sazişi" hər 3 dövlətin milli maraqlarına xidmət edir. Unutmayaq ki, sənədə imza atan hər 3 ölkə Avrasiyada söz sahibidir. Əgər Türkiyə NATO ölkəsi olmaqla yanaşı sürətlə qüdrətlənən bir dövlətdirsə, Pakistan nüvə silahına sahib bir ölkədir. Və Pakistanın hərbi qüdrəti dünyada kifayət qədər populyardır. Səudiyyə Ərəbistanı isə ən çox təbii sərvətlərə malik olan Yaxın Şərq dövlətidir. Bu mənada 3 böyük dövlətin belə bir qərar verməsi təkcə həmin dövlətlər üçün yox, həm də beynəlxalq aləm üçün böyük hadisədir.
Doğrudur, sənəd ölkələrin parlamentlərində hələlik ratifikasiya olunmayıb. Yəqin ki, bu sahədə problem olmayacaq və hər 3 ölkənin parlamenti bu sazişi 100 faiz ratifikasiya edəcək. Bütün hallarda böyük hadisədir. Və saziş iştirakçıları bəyan ediblər ki, gələcəkdə "Məkkə Müdafiə Sazişi"nə digər ölkələr də qoşula bilər.
- "Məkkə Müdafiə Sazişi"nin əsas istiqamətlərindən biri kollektiv çəkindirmənin gücləndirilməsinin təşkilidir. BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə qanuni müdafiə hüququnu əsas götürən sazişə görə, sənədi imzalayan dövlətlər istənilən birinə hücuma qarşı birgə çıxış edəcəklər. Bu cür böyük öhdəliyin tətbiqi nə dərəcədə realdır?
- Təbii ki, dövlət başçıları böyük iradə nümayiş etdiriblər. Çünki Yaxın Şərqdə vəziyyət heç də ürəkaçan deyil. Bəzi ölkələr kimi Səudiyyə Ərəbistanı da tez-tez İranın raket hücumlarına məruz qalır. Sənəd ölkə parlamentlərində ratifikasiya olunduqdan sonra Səudiyyə Ərəbistanına edilə biləcək hər hansı bir hücuma görə digər 2 ölkə cavab tədbiri görəcək. Bu da vəziyyətin nə qədər gərginləşə biləcəyinə ehtimal verir. Eyni zamanda, bu, hücum etmək istəyən dövlətləri bir daha dərindən düşünməyə vadar edəcək. Ona görə də bu sazişin Yaxın Şərqin "Terrorsuz Zona"ya çevrilməsinə töhfə verə biləcəyinə inamı gücləndirir.
- Bəzi ölkələr bu Sazişdən ciddi narahatlıq keçirir. Xüsusilə də İran. Sizcə, buna səbəb nədir?
- Bu narahatlıq təsadüfi deyil. Çünki Səudiyyə Ərəbistanı son bir neçə ayda dəfələrlə İranın raket hücumuna məruz qalıb. Ümumiyyətlə isə İranın nə Səudiyyə Ərəbistanı, nə Türkiyə, nə də Pakistanla münasibətləri arzuolunan səviyyədədir. Ona görə də Tehranın bəzi dairələri hesab edir ki, bu saziş İran əleyhinə yönəlib. Amma bu doğru yanaşma deyil. Çünki hazırda dünyada yeni güc mərkəzləri yaranır, geosiyasi, geoiqtisadi mənzərə dəyişir. İddialı dövlətlər də yeni reallıqdan daha qazanclı çıxmaq istəyirlər. Əminliklə deyə bilərəm ki, "Məkkə Müdafiə Sazişi" ən çox hər 3 ölkənin iqtisadi maraqlarının müdafiəsinə yönəlib.
- Bəs, Hindistan niyə narahatdır? Sazişin imzalanması xəbərindən sonra Hindistanın baş naziri Narendra Modi İsrailin Baş naziri Binyamin Netanyahuya zəng edərək, narahatlığını ifadə edib...
- Hindistanın narahatlığı da başa düşüləndir. Çünki bu ölkə uzun illərdir ki, Pakistanla münaqişə vəziyyətində yaşayır. Bu situasiyada rəsmi Dehli istəməz ki, rəsmi İslamabadın əli bir qədər də güclənsin. Ona görə də Hindistan “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edir.
- ABŞ isə susur...
- (Gülür) Başqa cür də ola bilməz. Rəsmi Vaşinqton təbii ki, proseslərdən əvvəlcədən xəbərdar olub. Və nəzərə alaq ki, "Məkkə Müdafiə Sazişi"ni imzalayan hər 3 ölkənin hazırda ABŞ-la çox yaxşı münasibətləri var. Və Yaxın Şərqdə "Terrorsuz Zona"nın yaradılması dolayısı ilə Amerikanın da maraqlarına uyğundur.
- Saziş iştirakçıları bəyan edib ki, Sazişə digər regioan ölkələri də qoşula bilər, Hətta Cənubi Qafqaz dövlətləri belə. Hansı ölkələrin sazişə qoşulmaq ehtimalı var?
- Əlbəttə ki, gələcəkdə digər region dövlətləri də bu sazişə qoşula bilər. Çünki heç bir dövlət terrordan sığortalanmayıb. Təsadüfi deyil ki, terrordan ən çox əziyyət çəkən dövlətlərdən biri də Azərbaycan olub. Ona görə də "Terrorsuz Zona" əksər region dövlətlərin maraqlarına xidmət edir.
- Bəzi analitiklər "Məkkə Müdafiə Sazişi"ni 1955-ci ildə Yaxın və Orta Şərqdə "Bağdad paktı” kimi tanınan SENTO adlı hərbi-siyasi bloka bənzədirlər. Sizcə bənzərlik varmı?
- Var. İlk öncə ona görə ki, "Bağdad paktı" vaxtilə ABŞ və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılmışdı. Məqsəd də o idi ki, sosializm ideyalarının Yaxın Şərqə yayılmasının qarşısı alınsın. SENTO adlı hərbi-siyasi blok Böyük Britaniya, Türkiyə, İran, Pakistan və İraqın iştirakı ilə Yaxın və Orta Şərq üçün kommunizm təhdidinin qarşısının alınması strategiyası və neft yataqlarının qorunması çərçivəsində yaradılmışdı. Bu gün danışdığımız "Məkkə Müdafiə Sazişi"ndə hərbi müdaxilədən sığortalanma ön plana çıxarılsa da, əsas məqsəd Yaxın Şərqin təbii ehtiyatlarını və iqtisadi imkanlarını gözlənilə bilə bütün hücumlardan qorumaqdır.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:00 / 11.08.2026
Yaxın Şərqdə yeni GÜC BALANSI – Üç müsəlman ölkəsi kimə qarşı birləşdi? – MÜSAHİBƏ
Hazırda oxunan: Yaxın Şərqdə yeni GÜC BALANSI – Üç müsəlman ölkəsi kimə qarşı birləşdi? – MÜSAHİBƏ
Hazırda oxunan: Yaxın Şərqdə yeni GÜC BALANSI – Üç müsəlman ölkəsi kimə qarşı birləşdi? – MÜSAHİBƏ
630333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































