Son günlər sosial mediada iri market və şirniyyat mağazalarından alınan məhsulların tərkibində ənənəvi qoz-fındıq ləpəsi əvəzinə yerfındığı ləpəsindən istifadə olunması ilə bağlı narazılıqlar yayılır. Daha ucuz başa gəldiyi üçün üstünlük verildiyi ehtimal olunan bu seçim isə bəzi insanlar üçün ciddi sağlamlıq riski yarada bilər. Çünki yerfındığı həyati təhlükəli qida allergiyasına səbəb ola bilən allergen məhsullardan biridir.
Yerfındığı allergiyası nədir və digər allergiyalardan nə ilə fərqlənir? Şirniyyat alarkən istehlakçı etiketdə nələrə diqqət etməlidir? Yerfındığı hansı adlarla məhsulun tərkibində gizlənə bilər və allergiyası olan şəxs təsadüfi qəbul zamanı hansı əlamətlərə xüsusi diqqət yetirməlidir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Respublika Klinik Xəstəxanasının Allerqologiya şöbəsinin müdiri, həkim-allerqoloq Reyhan Paşayeva bildirib ki, yerfındığı allergiyası həyati təhlükəli IgE-asılı qida allergiyasıdır.
Həkimin sözlərinə görə, digər qida allergiyalarından anafilaksiya riskinin yüksək olmasına, allergiyanın çox vaxt uzunmüddətli, hətta ömür boyu davamlı olmasına, istilik emalı zamanı allergik xüsusiyyətin itməməsinə, daha çox çarpaz allergik reaksiya verməsinə görə fərqlənir.
Yerfındığının çox az miqdarı belə həssas şəxslərdə anafilaktik şok yarada bilər
Həkim bildirib ki, həssas şəxslərdə çox kiçik miqdarda yerfındığı zülalı sistem reaksiya və anafilaktik reaksiya verə bilər:
"Xəstədə qaşınma, qızartı, səpki, dodaqda, dildə şişkinlik, qusma, boğazda sıxılma, xırıltı və s. kimi əlamətlər müşahidə olunur, əgər xəstədə nəfəs almada çətinlik, boğazda yad cisim hissi, təzyiqin enməsi, başgicəllənmə, huşun itməsi müşahidə olunursa, dərhal təcili tibbi yardım çağırılmalı, əzələ daxili adrenalin tətbiq edilməlidir".
Reyhan Paşayeva qeyd edib ki, yerfındığının qovrulması onun allergenliyini aradan qaldırmır və təhlükəsiz etmir, əksinə, bəzi allergen zülallarının (Ara h1 və Ara h2) IgE ilə əlaqəsi arta bilər.
Allergiya sonradan da yarana bilər
Allerqoloqun açıqlamasına görə, bu allergiya sonradan da yarana bilər. Diaqnoz isə klinik anamnez, dəri prick testi, spesifik IgE testi, oral qida provokasiya testi ilə təyin edilir.
Yerfındığı allergiyası olan insanlar şirniyyat alarkən nələrə diqqət etməli, məhsulun etiketində və ya hazırlanma prosesində hansı məlumatları mütləq soruşmalıdırlar?
Həkim vurğulayıb ki, etiketdə peanut (yerfındığı), arachis, yerfındığı unu (peanut flour), yerfındığı əzməsi (peanut paste), “yerfındığı ilə çarpaz reaksiya mümkündür” yazısına diqqət edilməli, eyni istehsalat sahəsində hazırlanma prosesində eyni avadanlıq (blender, mikser, bıçaq, iş səthi) yerfındığı olan məhsullarla birlikdə istifadə olunması soruşulmalıdır.
Fəridə, Bizim.Media

































































































