İş elanlarında əməkhaqqı göstərilmirsə... – Hansı cəzası var?

İş elanlarında əməkhaqqı göstərilmirsə... – Hansı cəzası var?

Hazırda oxunan: İş elanlarında əməkhaqqı göstərilmirsə... – Hansı cəzası var?

639398

İş elanlarına baxarkən ən çox rast gəlinən problemlərdən biri əməkhaqqı məbləğinin göstərilməməsidir. Vakansiyalarda “maaş müsahibə zamanı müəyyən olunacaq” və ya “əməkhaqqı namizədin bilik və bacarığına uyğun olaraq razılaşdırılacaq” ifadələrinə çox rast gəlinir. Bəzi iş elanlarda isə əməkhaqqı barədə, ümumiyyətlə, məlumat verilmir.

Əməkhaqqı göstərilməyən elanlarla bağlı belə bir fikir formalaşıb ki, şirkət işçiyə əmək bazarında mövcud göstəricilərdən daha aşağı maaş təklif etdiyi üçün bunu elanda açıq şəkildə bəyan etmir.

Bəs işəgötürən vakansiyada maaşın məbləğini yazmağa məcburdurmu? İş elanında hansı məlumatlar olmalıdır? İşə qəbul zamanı namizəd hansı şərtləri əvvəlcədən bilməlidir?

Bizim.Media-nın məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən, əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri, o cümlədən əmək haqqı və ona əlavələr göstərilməlidir. Yəni şəxs artıq işə qəbul edilirsə, əmək haqqının müqavilədə müəyyən edilməsi məcburidir.

Lakin bu, avtomatik olaraq o demək deyil ki, hər bir iş elanı ictimaiyyətə açıq şəkildə konkret maaş rəqəmi ilə yerləşdirilməlidir.

“Məşğulluq haqqında” qanunvericilik vakansiya bankının formalaşdırılmasını və işəgötürənlərin boş iş yerləri barədə məlumat təqdim etməsini nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin izahlarında da vakant iş yerləri barədə məlumatların, o cümlədən əmək haqqı haqqında məlumatların elektron sistemə təqdim edilməsinin işəgötürənin öhdəlikləri sırasında olduğu göstərilir. Amma vakansiyanın internetdə yerləşdirilən reklam mətnində konkret maaş rəqəminin mütləq yazılmasını bütün hallara şamil edən ayrıca ümumi norma olduğunu da iddia etmək düzgün deyil.

Bəs işəgötürənlər niyə maaşı yazmırlar?

Bunun bir neçə səbəbi ola bilər. Səbələrdən biri işəgötürənün əmək bazarındakı namizədlərin maaş gözləntisini öyrənmək istəyidir. Yəni namizəd əvvəlcə öz gözləntisini deyir və şirkət həmin rəqəmə əsasən danışıqlar aparır. Daha sonra eyni vəzifə üçün əmək haqqı namizədin təcrübəsinə, vəzifənin səviyyəsinə görə dəyişə bilər. Bəzi işəgötürənlər rəqəmi sadəcə açıq yazmaq istəmir, onun əvəzinə qeyr-müəyyən ifadələrdən istifadə edir.

Bəs bu iş axtaranlara necə təsir edir?

İş axtaran şəxs üçün bunun ciddi mənfi təsiri var. Məsələn, namizəd 1500 manatlıq iş axtarır, lakin elanda maaş göstərilmədiyinə görə 500 manatlıq vakansiyaya müraciət edir. Nəticədə həm namizədin, həm də işəgötürənin vaxtı itir.

Əmək Məcəlləsinin 154-cü maddəsində əmək haqqının anlayışı müəyyən edilir, 155-ci maddəsində isə işçinin dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqından az olmayan əmək haqqı almaq hüququ təsbit edilir. Hazırda minimum aylıq əmək haqqı 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Buna görə tam aylıq iş vaxtı normasını işləyən işçinin əmək haqqı qanunvericiliklə müəyyən edilmiş minimumdan aşağı ola bilməz.

Bəs vakansiyada hansı məlumatlar mütləq olmalıdır?

Qanuna görə, vakansiya haqqında elanlarda vəzifənin adı, işçidən tələb olunanların konkret siyahısı, iş yerinin adı və ünvanı, iş qrafiki, iş vaxtının tam və ya natamam olması, əmək haqqının məbləği olmasa da intervalı, əlavə ödənişlərin olub olmaması, tələb olunan təhsil növü və ixtisas, təcrübə, əmək müqaviləsi, məzuniyyət və ezamiyyət haqqında məlumatlar yerləşdirilməlidir.

Əmək haqqının göstərilməməsi avtomatik olaraq qanun pozuntusu hesab edilmir. Çünki əmək haqqının konkret məbləği əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı tərəflərin razılığı ilə də müəyyən edilə bilər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO